Yuan qlobal pula çevriləcək? - Çin bu addımları atacaq
Çin milli valyutası olan yuanı qlobal maliyyə gücünə çevirmək istəyir. Bu məqsədlə Çin dövləti yuan üçün daha geniş bir maliyyə ekosisteminin qurulmasını hədəfləyir.
Sfera.az xəbər verir ki, "Swift" məlumatlarına görə qlobal ticarətdə ödəniş vasitəsi kimi istifadə edilən vəsaitin 9,14%-i yuanın payına düşür.
Bu göstəriciyə görə, yuan ikinci yerdə qərarlaşıb. Birinci yer isə 80,68%-lə ABŞ dollarına məxsusdur. Çin bu fərqi azaltmaq və yuandan qlobal səviyyədə istifadəni artırmaq üçün eyni vaxtda dörd mühüm istiqamətdə addımlar atır.
İlk olaraq, xarici investorlar üçün yuan cinsindən investisiya məhsulları şaxələndirilir. Bu məqsədlə Honkonqda dövlət istiqrazlarının buraxılış həcmi artırılır, qısamüddətli borclanma alətləri və qızıl fyuçers müqavilələri fəal şəkildə nəzərdən keçirilir.
İkinci addım kimi, xarici kapitalı məzənnə və faiz dəyişkənliyindən qorumaq üçün törəmə alətlər bazarı genişləndirilir və Honkonq vasitəsilə yeni risk idarəetmə kanalları işə salınır.
Üçüncü istiqamətdə isə maliyyələşmə kanalları dərinləşdirilir; xarici şirkətlərin Çin bazarında buraxdığı və "Panda istiqrazları" kimi tanınan yuan növlü qiymətli kağızların dövriyyəsi əhəmiyyətli dərəcədə asanlaşdırılır.
Son olaraq, Qərb sistemlərindən asılılığı azaltmaq üçün alternativ sərhədüstü ödəniş infrastrukturu (CIPS) sürətlə böyüdülür və onun illik əməliyyat həcmi 2025-ci ilə qədər artıq 180,2 trilyon yuana (26,9 trilyon dollar) çatdırılıb.
Vasif






