Bakıdakı marketlərdə bu məhsul yoxa çıxdı – Hamı axtarır

Bakıdakı marketlərdə bu məhsul yoxa çıxdı – Hamı axtarır
Kateqoriya məlum deyil
T

Azərbaycanda, xüsusilə paytaxt Bakıda kənd yumurtası çatışmazlığı yaşandığı bildirilir. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, artıq bir neçə mağazada əsl kənd yumurtası yoxa çıxıb. Paralel olaraq isə kənd yumurtasının bahalaşmasının davam etdiyi açıqlanıb.

Əhalinin gündəlik qida rasionunda mühüm yer tutan yumurtanın qiymətində baş verənlərə hökumətin necə reaksiya verəcəyi maraq doğurur. İllər əvvəl Bakı Şəhər İcra Hakimiyyətində Prezidentin iştirakı ilə yumurta qiymətləri barədə müşavirə keçirilmişdi. Həmin vaxt da qiymətlər kəskin bahalaşmışdı. O dövrdə Azərbaycanda yumurta bazarındakı monopoliyanın sabiq baş prokuror Zakir Qaralovun nəzarətində olduğu iddia edilirdi. Müşavirədən dərhal sonra isə qiymətlər sabitləşmiş və ucuzlaşmışdı.

Bəs görəsən, bu dəfə də hökumət səviyyəsində belə bir müdaxilə olacaqmı?

Sfera.az bildirir ki, globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, kənd yumurtasının qiymətini bazar müəyyənləşdirir:

“Bazarda yumurta çox olarsa, qiymətlər düşər. Hazırda kənd yumurtasının bahalaşmasına və bazarda azalmasına havaların soyuq keçməsi, eləcə də kənd yerlərində toyuq saxlayan ailələrin sayının azalması təsir göstərmiş ola bilər. Bu məsələdə təəssüf doğuran məqamlardan biri də kənd sakinlərinin özləri üçün yumurta istehsal etmək əvəzinə, onu bazardan almağa başlamasıdır. Üstəlik, bu tendensiya təkcə yumurta ilə məhdudlaşmır. Digər kənd təsərrüfatı məhsullarının istehsalı da azalır, kənddə yaşayan insanlarda həmin məhsulların mağazalardan alması meyli artıb”.

Deputat bildirib ki, kənd təsərrüfatı istehsalının azalması və əhalinin özünütəminetmə imkanlarının zəifləməsi uzunmüddətli perspektivdə ərzaq bazarında əlavə problemlər yarada bilər:

“Fabrik yumurtasının qiymətində isə ciddi artım müşahidə olunmur. Çünki quşçuluq təsərrüfatları kifayət qədər yumurta istehsal edir, hətta məhsulun bir hissəsi ixrac olunur. Bu baxımdan, hazırkı vəziyyətdə yumurta bazarına birbaşa dövlət müdaxiləsinə ehtiyac olduğunu düşünmürəm. Əsas diqqət kənd təsərrüfatı istehsalının, xüsusilə də ailə təsərrüfatlarında toyuqçuluğun stimullaşdırılmasına yönəldilməlidir. Bu, həm kənd əhalisinin özünütəminetmə imkanlarını artırar, həm də bazarda təklifin genişlənməsinə və qiymətlərin sabitləşməsinə kömək edər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR