Dövlət istiqrazları "etibarlı liman"a çevrilib
Səhm bazarlarında yaranan risk və qeyri-müəyyənlik səbəbindən investorlar sərmayələrini qorumaq üçün dövlətlərin zəmanət verdiyi və "təhlükəsiz sığınacaq" sayılan dövlət istiqrazlarını (borc kağızlarını) almağa başlayıblar.
Sfera.az xəbər verir ki, son vaxtlarda bu əlamətlər daha çox müşahidə edilir.
ABŞ-nin 10 illik istiqraz faizləri Asiya bazarında 10 bənd azalaraq 5,09%-ə düşüb. Bu, son üç həftənin ən aşağı səviyyəsidir. Digər müddətli istiqrazların faizləri isə ən azı 8 bənd aşağı endi. O cümlədən Yaponiya, Avstraliya və Yeni Zelandiya istiqrazlarının da faizi enib.
Qeyd edək ki, istiqraz faizlərinin düşməsi istiqrazın qiymətinin artması deməkdir.
"İnvestorlar nəhayət köhnə qaydaya qayıtdılar; səhmləri satıb dövlət istiqrazları alırlar", - deyə "ITC Markets"in baş analitiki Kit Lou bildirib. O, bu artımın xüsusilə orta və uzunmüddətli dövrdə davam edəcəyini düşünür.
ABŞ-də artan inflyasiya və dövlətin yüksək borclanma ehtiyacı istiqrazların yenidən ucuzlaşmasına səbəb ola bilər. Lakin "Pimco" və "Morgan Stanley" kimi böyük fond menecerləri hesab edir ki, son ucuzlaşmalardan sonra istiqrazlar artıq sərfəli bir qiymətə gəlib çatıb.
Son statistik göstəricilər investorların təhlükəsiz aktivlərə necə böyük həcmdə sığındığını rəqəmlərlə sübüt edir.
Oktyabrın 7-nə olan son həftəlik məlumatlara görə, qlobal miqyasda dövlət istiqrazı fondlarına yalnız bir həftə ərzində təxminən 17 milyard dollar (ümumi istiqraz fondlarına isə 33,8 milyard dollar) xalis vəsait daxil olub.
İstiqrazlarla yanaşı, risksiz faiz təklif edən qlobal pul bazarı fondlarına eyni həftədə 166,4 milyard dollar yatırılıb. Bu, 2020-ci il pandemiyasından bəri ən böyük həftəlik girişdir. Təkcə ABŞ-dəki bu növ fondların ümumi aktivləri rekord vuraraq 8 trilyon dollara çatıb.
Vasif






