"XalqBank" kiçilir: Aktivlər və depozitlər azalıb

"XalqBank" kiçilir: Aktivlər və depozitlər azalıb
Kateqoriya məlum deyil
T

Azərbaycanın ən böyük banklarından olan "XalqBank"ın balans göstəricilərində pisləşmə müşahidə edilir.

Sfera.az bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2026-cı ildə həm aktivlərin həcmində, həm də öhdəliklərdə azalmalar var.

2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin oktyabrın 1-də bankın aktivləri 357 milyon manat (10 faiz) azalıb və 2,82 milyard manat olub.

Azalmanın əsas səbəbləri "Nostro" hesablarında (başqa banklardakı müxbir hesablar) olan vəsaitin ciddi azalmasıdır. Bu hesablarda olan vəsaitin məbləği ötən ilin sonunda 495 milyon manat idi. 2026-cı ilin oktabrın 1-də həmin hesablarda olan vəsaitin məbləği 118 milyon manata düşüb. Burada doqquz ay ərzində 377 milyon manat azalma baş verib.

Aktivlərdəki azalmaya təsir edən digər ciddi dəyişiklik bankın sahib olduğu qiymətli kağızlardakı azalmadır. Ötən ilin sonunda bank 218,1 milyon manatlıq qiymətli kağıza sahib idi. Amma bu il qiymətli kağızların həcmi 53 milyon manata düşüb. Bu bölmə üzrə 165 milyon manat azalma var.

Aktivlərin çox hissəsini təşkil edən müştərilə verilən kreditlərdə isə müəyyən qədər artım olub. Kreditlərin həcmi ötən il 1,85 milyard manatdan bu il 1,91 milyard manata yüksəlib.

Bankın aktivlərinin azalması öhdəliklərdəki azalma ilə birbaşa əlaqəlidir. Müqayisə edilən dövrdə öhdəliklərin dəyəri 2,64 milyard manatdan 2,29 milyard manata geriləyib. Doqquz ayda öhdəliklər 350 milyon manat (13,3 faiz) azalıb.

Öhdəliklərdə əsas azalma depozitlərdə (banklar və digər maliyyə institutları istisna olmaqla) qeydə alınıb. Depozitlərin həcmi 1,92 milyard manatdan 1,6 milyard manata düşüb. Qısa müddətdə müştərilərin vəsaiti 320 milyon manat (16,6 faiz) azalıb.

Depozitlərdə azalma həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin vəsaitlərində qeydə alınıb.

Fiziki şəxslərin əmanətlərinin həcmi doqquz ay ərzində 835 milyon manatdan 698 milyon manata, hüquqi şəxslərin depozitləri isə 1,063 milyard manatdan 900 milyon manata qədər azalıb.

Digər bankların "XalqBankda" olan depozitlərində də azalma baş verib. Ötən müddətdə bu növ depozitlərin həcmi 185 milyon manatdan 66 milyon manata qədər kiçilib.

Balans göstəricilərində baş verən dəyişikliklər nəticəsində bankın məcmu kapitalında da azalma baş verib. Ötən ilin sonunda 542 milyon manat məcmu kapitalı olan bank hazırda 536 milyon manat kapitala sahibdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR