"Trendyol" sifarişləri gecikir - Səbəb NƏDİR?

"Trendyol" sifarişləri gecikir - Səbəb NƏDİR?
Kateqoriya məlum deyil
T

Azərbaycanda "Trendyol" platforması vasitəsilə alınan malların çatdırılma müddətinin uzanması alıcıların narazılığına səbəb olub. Əvvəllər sifariş edilən məhsullar ölkəyə 5-7 gün ərzində çatdırılırdısa, son vaxtlar bu müddət bir neçə həftəyə qədər uzanır.

Bəs "Trendyol"dan alınan malların çatdırılmasındakı gecikmələr nə ilə bağlıdır?

Elektron ticarət mütəxəssisi Nicat Manafov Sfera.az-a açıqlamasında bildirib ki, bunun əsas səbəbi Türkiyədən alınan malların hava nəqliyyatı ilə deyil, yük avtomobilləri vasitəsilə daşınmasıdır.

Ekspert qeyd edib ki, yüklərin quru yolla daşınması hava yolu ilə müqayisədə xeyli zaman aparır:

"Gürcüstan üzərindən Azərbaycana yük avtomobilləri ilə gətirilən bağlamaların çatdırılması orta hesabla 15-25 gün çəkir. Bu müddətə sifarişlərin ölkəyə gətirilməsi, daşınması və digər logistika mərhələlərinin tamamlanması daxildir. Çatdırılmada yaranan gecikmələri birbaşa gömrük yoxlamaları ilə əlaqələndirmək düzgün deyil. Sifarişlərin vaxtında təhvil verilməsinə təsir edən əsas amillərdən biri yüklərin hansı marşrutla daşınması və nəqliyyat vasitələrinin hərəkət prosesidir. Türkiyə, Gürcüstan və Azerbaijan arasında həyata keçirilən avtomobil daşımaları zamanı logistikanın təşkili çatdırılma müddətinin formalaşmasında mühüm rol oynayır. Onlayn alış-veriş edən istehlakçılar üçün çatdırılma vaxtı, məhsulun seçimi və qiyməti qədər əhəmiyyətlidir. Xüsusilə geyim, ayaqqabı, məişət əşyaları və digər gündəlik tələbat məhsullarını sifariş edən alıcılar bağlamalarının daha qısa müddətdə ünvana çatmasını istəyirlər. Lakin daşınmanın bir neçə mərhələdən ibarət olması və seçilmiş logistika xidmətinin xüsusiyyətləri gözləmə müddətini uzadır”.

Mütəxəssis əlavə edib ki, daha sürətli çatdırılma istəyən istehlakçılar alternativ olaraq Türkiyədə fəaliyyət göstərən karqo şirkətlərinin anbar və ya qəbul ünvanlarından istifadə edə bilərlər:

“Bu halda sifariş əvvəlcə həmin yerli ünvana çatdırılır, daha sonra isə seçilmiş karqo şirkətinin xidmətləri vasitəsilə Azərbaycana göndərilir. Bununla belə, belə bir üsulun hər zaman daha qısa çatdırılma müddətinə zəmanət verdiyini söyləmək olmaz. Nəticə seçilən şirkətin fəaliyyət qaydasından, daşınma marşrutundan və sifarişin icra müddətindən asılıdır. Bu səbəbdən "Trendyol"dan alış-veriş edən şəxslərə sifariş verməzdən əvvəl çatdırılma şərtlərini, təxmini müddəti və istifadə edilən karqo xidmətinin imkanlarını nəzərdən keçirmək tövsiyə olunur. Bağlamanı daha tez əldə etmək üçün yalnız məhsulun mağaza tərəfindən göndərilmə vaxtını deyil, onun Türkiyədən Azərbaycana hansı marşrutla və hansı nəqliyyat vasitəsi ilə daşınacağını da nəzərə almaq vacibdir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR