Azərbaycanda ərzaq qiymətləri dəyişəcək? - "Məhsulları daha yüksək qiymətə..."

Azərbaycanda ərzaq qiymətləri dəyişəcək? - "Məhsulları daha yüksək qiymətə..."
Kateqoriya məlum deyil
T

Beynəlxalq Valyuta Fondu (BVF) 2026 və 2027-ci illər üzrə qlobal inflyasiya proqnozunu artırıb.

Təşkilatın qiymətləndirməsinə görə, dünya üzrə inflyasiya hər iki ildə 4 faizdən yüksək olacaq. Belə ki, BVF apreldə 2026-cı ildə qlobal inflyasiyanın 4,4 faiz, 2027-ci ildə isə 3,7 faiz olacağını proqnozlaşdırmışdı.

Yeni qiymətləndirməyə əsasən, bu göstəricilərin müvafiq olaraq 4,7 və 4,1 faiz təşkil edəcəyi gözlənilir. İnflyasiya proqnozunun artması dünya bazarında qiymət təzyiqlərinin davam edəcəyini göstərir. Enerji daşıyıcılarının və ərzaq məhsullarının bahalaşması idxaldan asılı ölkələrdə də qiymətlərə təsir göstərə bilər.

Bu fonda Azərbaycanda inflyasiyanın dinamikası, ərzaq qiymətləri və əhalinin xərcləri necə dəyişəcək?

İqtisadçı ekspert Elçin Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanın həm sənaye, həm də qida məhsulları üzrə idxaldan müəyyən dərəcədə asılı olması dünya bazarlarında baş verən qiymət artımlarının ölkə iqtisadiyyatına təsirini qaçılmaz edir.

Onun sözlərinə görə, beynəlxalq bazarlarda məhsulların bahalaşması idxal olunan malların qiymətlərində artıma səbəb ola, bu isə daxili bazarda inflyasiya təzyiqlərini gücləndirə bilər:

“Enerji daşıyıcılarının qiymətlərinin Azərbaycanda dövlət tərəfindən tənzimlənməsi dünya bazarlarında enerji resurslarının qiymətində müşahidə olunan artımların ölkəyə birbaşa təsirini müəyyən qədər məhdudlaşdırır. Bu amil digər ölkələrlə müqayisədə inflyasiya təzyiqlərinin yumşaldılmasına müsbət təsir göstərə bilər. Lakin bu, dünya bazarlarında baş verən bahalaşmanın Azərbaycan iqtisadiyyatına təsirlərini tamamilə aradan qaldırmır”.

Onun fikrincə, bir sıra sənaye və ərzaq məhsulları üzrə idxaldan asılılığın mövcudluğu xarici bazarlardakı qiymət dəyişikliklərinin daxili bazara ötürülməsi riskini artırır. İdxal xərclərinin yüksəlməsi sahibkarların məhsulları daha yüksək qiymətə təqdim etməsinə gətirib çıxara bilər ki, bu da nəticə etibarilə istehlakçıların gündəlik xərclərinə təsir edə bilər:

“Əhalinin inflyasiya gözləntilərinin yüksəlməsi də qiymət dinamikasına təsir edən mühüm amillərdəndir. İnsanlar gələcəkdə məhsulların daha da bahalaşacağını düşündükdə xərclərini və alış davranışlarını buna uyğun dəyişə bilərlər. Bu gözləntilərin reallaşması isə ailə büdcəsinə düşən yükün artmasına səbəb ola bilər”.

Elçin Məmmədov hesab edir ki, enerji qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi inflyasiya təzyiqlərini müəyyən qədər yumşaltsa da, idxaldan asılılıq və dünya bazarlarında davam edən bahalaşma Azərbaycanda qiymət artımları riskini aktual saxlayır.

Məsələ ondadır ki, qlobal bahalaşma fonunda əsas sual qiymətlərin artıb-artmayacağı deyil, bu artımın əhalinin alıcılıq qabiliyyətinə nə dərəcədə təsir edəcəyidir. Qarşıdakı dövrdə Azərbaycanda inflyasiyanın hansı istiqamətdə dəyişəcəyi isə həm dünya bazarındakı vəziyyətdən, həm də daxili iqtisadi amillərdən asılı olacaq.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR