Toyuq ətinin qiyməti daha da arta bilər - SƏBƏB
Mal və qoyun ətinin bahalaşması istehlakçıların alternativ məhsul kimi toyuq ətinə tələbini artırıb. Statistik məlumatlar göstərir ki, həm toyuq ətinin fiziki dövriyyəsi artıb, həm də dəyər ifadəsində satış həcmi genişlənib.
Qırmızı ətin dəyəri hazırda yüksək olduğundan gözləmək olar ki, toyuq ətinin qiymətində artım hələ bir müddət də davam edəcək.
İqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, hər hansı məhsulun qiyməti artdıqda istehlakçı əsasən alternativ məhsullara yönəlir.
Alternativ məhsula tələbin yüksəlməsi isə həmin sahədə qiymət artımına səbəb ola bilər. Bu dəyişikliklərə tələbin artması ilə yanaşı, qiymət siyasəti də təsir göstərir.

Onun sözlərinə görə, mal və qoyun ətinin bahalaşması nəticəsində istehlakçılar daha ucuz alternativ kimi toyuq ətinə, xüsusilə də fileyə üstünlük verməyə başlayıblar. Qiymət artımından əvvəl 6-7 manata satılan bu məhsulun kiloqramı hazırda marketlərdə 8-10 manatdır:
“Digər məhsulların bahalaşması alternativ məhsula tələbin azalması demək deyil. Məsələn, bir şəxs ay ərzində 5 kiloqram ət alırdısa, qiymət artımından sonra bu miqdar 3 kiloqrama qədər enə bilər. İlk mərhələdə alışların həcmi kəskin azalsa da, sonradan istehlakçılar yeni qiymətlərə uyğunlaşırlar. Bu vəziyyəti həm alıcılar, həm də alternativ məhsul istehsalçıları nəzərə alırlar. Buna görə də toyuq ətinin qiymətində kəskin artım müşahidə olunmur. Hazırkı artım hər kiloqram üçün təxminən 1-2 manat təşkil edir”.
İqtisadçı tələbin yüksəlməsinin qiymət artım tempinə təsirindən danışarkən deyib ki, digər ət məhsullarının bahalaşması toyuq ətinin də qiymətinin artmasına səbəb ola bilər:
“Alternativ məhsula tələbin yüksəlməsi zamanla həmin məhsulun qiymətinə təsir göstərir. Yaxın bir neçə ildə kiçik təsərrüfatların daha da genişlənməsi mümkündür. İnsanlar toyuq və yumurta kimi məhsulları mağazalardan almaq əvəzinə, özləri kiçik təsərrüfatlar yaratmağa yönələ bilərlər”.
İqtisadçı qeyd edib ki, bir sıra xarici ölkələrdə bu tendensiya artıq genişlənir. Onun fikrincə, xüsusilə, şəhərətrafı ərazilərdə yaşayan insanlar kiçik təsərrüfat və əkinçiliklə məşğul olmağa üstünlük verirlər.
İradə Elsevər






