Borcluların qiymətli kağızlarına elektron sistem vasitəsilə həbs qoyulacaq
Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi və həmin kağızların üzərinə həbs qoyulması ilə bağlı yeni mexanizmin yaradılması nəzərdə tutulub.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Təklif olunan dəyişiklik borclunun həm sənədli, həm də sənədsiz qiymətli kağızlarına tələbin yönəldilməsi qaydasını müəyyənləşdirir.
Mexanizm borclunun özündə aşkar edilən, onun adına qeydə alınan, eləcə də mərkəzi depozitarda saxlanılan qiymətli kağızları əhatə edəcək. Layihəyə əsasən, qiymətli kağızlar barədə məlumatların əldə edilməsi, onlara həbs qoyulması və tələbin həmin aktivlərə yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Dəyişiklik çərçivəsində “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da uyğunlaşdırıcı xarakterli əlavələrin edilməsi nəzərdə tutulub.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə
Sfera.az






