Azərbaycan Kambocanın bu təcrübəsi ilə maraqlanır

Azərbaycan Kambocanın bu təcrübəsi ilə maraqlanır
Kateqoriya məlum deyil
T

Azərbaycan xam pambığı son məhsula çevirməkdə Kambocanın təcrübəsindən yararlana bilər.

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, Kamboca geyimləri və ayaqqabıları artıq Azərbaycan bazarında təqdim olunur:

"Məqsədimiz sənaye əməkdaşlığımızı genişləndirməyin, eləcə də bu sahədə ixracın həcmini artırmağın yollarını axtarmaqdır. Azərbaycan xam pambıq istehsalçısıdır. Xam lifi ixrac etmək əvəzinə, onu son məhsula çevirmək Kambocanın böyük uğur qazandığı sahələrdən biridir".

Bundan başqa, nazir deyib ki, iki ölkə kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxışını müzakirə edir:

"Ərzaq təhlükəsizliyi hər iki ölkə üçün prioritetdir. Hesab edirik ki, əməkdaşlığımız emal, qablaşdırma, saxlama və keyfiyyət təminatı ilə yanaşı, işçi qüvvəsinin təlimini də əhatə edə bilər. Ərzaq təhlükəsizliyi standartları və sertifikatlaşdırma sahəsində daha sıx əməkdaşlıq hər iki ölkənin kənd təsərrüfatı məhsullarının yeni istehlakçılara çatmasına kömək edəcək".

Həmçinin, M.Cabbarov deyib ki, Azərbaycan və Kamboca arasında yeni logistika marşrutları müəyyən edilə bilər:

"Rəqəmsal texnologiyalar və süni intellekt sahəsində Azərbaycanın enerji ehtiyatları və əlaqə imkanları güclü baza yaradır. Bu, məlumat mərkəzlərinin yaradılması və süni intellektin inkişafı üçün böyük potensial təmin edir. Biz rəqəmsal hökumət və kağızsız ticarət sahələrində də əməkdaşlıq imkanları görürük".

"Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) və Regional Hərtərəfli İqtisadi Tərəfdaşlığın üzvü olan Kamboca Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiyaya açılan qapı rolunu oynaya bilər. Məhz buna görə də özəl və dövlət müəssisələrimizi bu sürətlə böyüyən bazarda mövcud imkanları daha yaxından araşdırmağa çağırıram. Logistika operatorlarımız kommersiya baxımından əlverişli marşrutları müəyyənləşdirmək üçün birgə çalışmalıdırlar", - deyə nazir əlavə edib./Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR