Azərbaycanda yeni zavod açılır: Bu, iqtisadiyyata necə təsir edəcək?
Gələn ay Sumqayıtda regionda ilk kalium sulfat fabrikinin rəsmi açılışı nəzərdə tutulur.
Bunu “Elba Chem” QSC-nin direktoru Hakan Özbek Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.
Yeni "Elba Chem" kalium-sulfat zavodunun layihə gücü ildə 40 min ton, Azərbaycanın daxili tələbatı isə təxminən 10 min ton göstərilir.
İstehsalın 2027-ci ildən 30 min tonunun ixraca yönəldilməsi planlaşdırılır.
Yerli istehsal gübrənin fermerlər üçün qiymətini azalda bilərmi? İxrac planı daxili bazara necə təsir edəcək?
Kənd təsərrüfatı (aqrar sahə) üzrə aparıcı ekspert, alim-aqronom və "Aqrar İslahatlara Dəstək" İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanın gübrəyə nə qədər tələbatı olduğu ilə bağlı dəqiq məlumat yoxdur:

“Bir çox fermerlər, kəndlilər gübrələrdən az istifadə edirlər. Bu da onunla bağlıdır ki, əldə etdikləri gübrənin keyfiyyəti aşağı olur və gübrə bahadır, bunun nəticəsində gübrədən az istifadə etməli olurlar. Azərbaycanda gübrə zavodunun inşa etdirilməsi yaxşı haldır. Amma bizim istehsal etdiyimiz gübrənin maya dəyərinin nə qədər olacağı və bunun kəndlilərə hansı qiymətə təklif edəcəklərini demək hələki tezdir”.
V.Məhərrəmov qeyd edib ki, Azərbaycanın gübrəyə olan tələbatı dəqiq hesablanmalıdır:
“Bunun üçün də Azərbaycanda torpaqların dəqiq analizi aparılmalıdır, müasir dövrün tələbinə cavab verən laboratoriyalarımız olmalıdır, yeni avadanlıqlar olmalıdır və həmin avadanlıqlar vasitəsilə nümunələr götürülməlidir. Torpaqlarda gübrələrə nə qədər ehtiyac var, bu müəyyən edilməlidir. Ondan sonra demək olar ki, istehsal olunan gübrənin neçə faizi daxildə istifadə ediləcək. Əlbəttə, sahibkar məhsulu daha yüksək qiymətə satmağa çalışacaq”.
O vurğulayıb ki, Azərbaycan fermerlərinin alıcılıq qabiliyyəti artmasa, onlar çalışacaq ki, daha çox qazanc əldə etmək üçün digər ölkələrə ixrac etsinlər:
“Təbii ki, burada dövlətin üzərinə düşən vəzifələr də var. Hökumət məhsulun hansısa hissəsini öz üzərinə götürüb subsidiyalaşdırmalıdır. Əgər istehsal olunan gübrənin qiyməti maya dəyəri yüksək olarsa, fermerlərə sərf etməsi üçün, hökumət bu addımı atmalıdır. Belə olduğu halda, fermerlərimizə daha münasib qiymətə məhsul təklif edilməlidir”.
Qeyd edək ki, Azərbaycanda yeni gübrə zavodunun fəaliyyətə başlaması aqrar sektorda yerli istehsalın genişlənməsi baxımından əhəmiyyətli addımdır. Bununla belə, istehsal həcminin daxili tələbatı üstələməsi fermerlərin gübrəyə əlçatanlığı və qiymət məsələsini gündəmə gətirir. Yerli istehsalın kənd təsərrüfatına real fayda verməsi üçün məhsulun keyfiyyəti, maya dəyəri və satış qiyməti mühüm rol oynayacaq. Eyni zamanda, ixrac planlarının daxili bazarın təminatına necə təsir edəcəyi də diqqət çəkən məsələlərdəndir.
Fatimə Ələkbər
Sfera.az






