ABŞ Rusiyadan dizel yanacağı alacaq

ABŞ Rusiyadan dizel yanacağı alacaq
Kateqoriya məlum deyil
T

ABŞ Rusiya yanacağının tədarükünə tətbiq edilən sanksiyaları müvəqqəti yumşaldıb. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın ABŞ-yə və dünya bazarlarına böyük həcmdə dizel yanacağı tədarük edəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında bildirib ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Rusiya dərhal 300 min tondan çox dizel yanacağı tədarük edəcək.

Onun sözlərinə görə, noyabr ayında əlavə 500 min ton, daha sonra isə 1 milyon ton yanacağın göndərilməsi nəzərdə tutulur.

Rusiya, həmçinin dizel emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddət ərzində daha 3 milyon ton yanacaq tədarük edə bilər.

Tramp bildirib ki, bu addım ABŞ-də və dünya bazarlarında dizel yanacağının qiymətinin aşağı düşməsinə kömək edəcək. O, xüsusilə fermerlər, heyvandarlıqla məşğul olanlar və yükdaşıma sektorunun nümayəndələri üçün yanacağın ucuzlaşmasının əhəmiyyətini vurğulayıb.

ABŞ Maliyyə Nazirliyi də Rusiya mənşəli dizel yanacağının dünya bazarına çıxarılmasına imkan verən müvəqqəti ümumi lisenziya verib. Qərara əsasən, müəyyən şərtlərə cavab verən yanacaq tədarüklərinə tətbiq edilən sanksiyalar 2027-ci il aprelin 7-dək qüvvədə olmayacaq.

Rusiya Prezidenti Vladimir Putin də ABŞ-yə və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduqlarını bildirib. Yayılan məlumatlara görə, Putin Trampla telefon danışığında Ukrayna münaqişəsinin həlli perspektivlərini, İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını tənqid edib. O, bu addımın Rusiyanın müharibəni davam etdirməsinə iqtisadi dəstək verə biləcəyini bildirib. Zelenski Rusiyaya neft məhsullarını satmaq imkanı yaradılmasının sülhə xidmət etməyəcəyini vurğulayıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak da dizel yanacağının ixracına qoyulan məhdudiyyətlərin planlaşdırılandan əvvəl aradan qaldırılmasına başlanacağını açıqlayıb. O, bununla yanaşı, ölkənin daxili bazarında dizel yanacağına olan tələbatın tam ödəniləcəyini bildirib.

Qeyd edək ki, ABŞ 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Rusiya neftinin idxalını qadağan etmişdi. Yeni razılaşma Vaşinqtonun Moskvanın enerji gəlirlərini məhdudlaşdırmaq siyasətində dəyişiklik kimi qiymətləndirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR