Avropa investisiyaları yoxlayacaq - Azərbaycan da oxşar addımı atmalıdırmı?

Avropa investisiyaları yoxlayacaq - Azərbaycan da oxşar addımı atmalıdırmı?
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı xüsusilə son illərdə qlobal geosiyasi dəyişikliklər fonunda öz iqtisadi suverenliyini və təhlükəsizliyini qorumaq üçün Birbaşa Xarici İnvestisiyaların (FDI) yoxlanılması mexanizmini gücləndirir.

Avropa Komissiyası və üzv dövlətlər tərəfindən yenilənən qaydalar xarici kapitalın milli təhlükəsizliyə və ictimai asayişə yarada biləcəyi riskləri daha dəqiq müəyyən etməyi hədəfləyir.

Bəs Azərbaycan da strateji və kritik sahələrə xarici investisiyaların cəlb olunması zamanı milli təhlükəsizlik baxımından hansı meyarlar əsas götürülməlidir?

Bu barədə İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, xarici investisiyalara nəzarət milli təhlükəsizliyi qorumalı, eyni zamanda iqtisadi inkişafı məhdudlaşdırmamalıdır.

Onun sözlərinə görə, müasir dövrdə xarici investisiyalar yalnız maliyyə vəsaiti deyil, həm də texnologiyalara, məlumatlara, infrastruktura və strateji qərarvermə imkanlarına çıxış deməkdir:

"Buna görə də dövlətlər investisiyaları qiymətləndirərkən kapitalın həcmi ilə yanaşı, onun məqsədini, yarada biləcəyi riskləri və ölkənin uzunmüddətli maraqlarına təsirini də nəzərə almalıdırlar. Azərbaycan üçün energetika, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat-logistika, müdafiə sənayesi və maliyyə sisteminin kritik elementlərinə yönələn xarici investisiyaların konkret meyarlar əsasında qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır".

İqtisadçı qeyd edib ki, bu zaman investorun kimliyi, son benefisiar mülkiyyətçisi, maliyyə mənbələrinin şəffaflığı, digər dövlətlərlə əlaqələri, kritik məlumatlara çıxış imkanları və investisiyanın strateji infrastruktura mümkün təsirləri araşdırılmalıdır. Onun fikrincə, texnologiyaların ölkədən çıxarılması, təchizat zəncirlərindən asılılıq və kritik obyektlər üzərində nəzarətin dəyişməsi kimi risklər əvvəlcədən təhlil edilməlidir:

"Təhlükəsizlik risklərinin qiymətləndirilməsi obyektiv meyarlara əsaslanmalıdır. İnvestorun mənşə ölkəsinə görə avtomatik məhdudiyyətlərin tətbiqi iqtisadi qərarların keyfiyyətini aşağı sala bilər.

Strateji müəssisədə nəzarət payının əldə edilməsi ilə adi istehsal müəssisəsinə kapital qoyuluşu eyni qaydada qiymətləndirilməməlidir".

İqtisadçı vurğulayıb ki, nəzarət mexanizmləri mövcud risklərlə mütənasib olmalı, qərarların qəbulu üçün aydın müddətlər müəyyənləşdirilməli və investorlara qərarlardan şikayət etmək imkanı yaradılmalıdır:

"Xarici investisiyalara nəzarətin həddindən artıq sərtləşdirilməsi Azərbaycanın iqtisadi maraqlarına mənfi təsir göstərə bilər. Belə ki, xarici kapital ölkəyə yeni texnologiyalar, idarəetmə təcrübəsi, ixrac bazarlarına çıxış imkanları və əlavə iş yerləri qazandırır. İnvestorlar qərarların qeyri-şəffaf qəbul edildiyini, icazələrin alınmasının uzun çəkdiyini və investisiya şərtlərinin tez-tez dəyişdiyini görərsə, alternativ bazarlara üz tuta bilərlər.

Bu, investisiyaların azalmasına, layihələrin bahalaşmasına, rəqabətin zəifləməsinə və iqtisadiyyatın şaxələndirilməsi prosesinin ləngiməsinə səbəb ola bilər. Azərbaycanın əsas iqtisadi hədəflərindən biri qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan, rəqabətqabiliyyətli istehsalın və ixracyönümlü müəssisələrin sayını artırmaqdır. Bunun üçün ölkəyə maliyyə vəsaiti ilə yanaşı, müasir texnologiyalar, sənaye tərəfdaşlıqları və uzunmüddətli investisiyalar lazımdır".

A.İbrahimov hesab edir ki, xarici investisiyalara nəzarət iqtisadiyyatın bütün sahələrini əhatə edən ümumi məhdudiyyətə çevrilməməli, əsas diqqət həqiqətən kritik aktivlərə və real təhlükəsizlik risklərinə yönəldilməlidir. Onun fikrincə, Azərbaycan üçün yanaşma milli təhlükəsizliyin qorunmasını, investisiya mühitinin proqnozlaşdırıla bilməsini və yerli iqtisadiyyatın texnoloji inkişafını birləşdirməlidir:

"Dövlət strateji aktivlərin təhlükəsizliyini təmin etməklə yanaşı, investorlar üçün şəffaf qaydalar yaratmalı, yerli kadrların hazırlanmasını, texnologiya transferini və ölkə daxilində əlavə dəyərin formalaşmasını təşviq etməlidir.

Zəruri hallarda investisiyaların tamamilə qadağan edilməsi əvəzinə, kritik məlumatlara çıxışın məhdudlaşdırılması, xüsusi idarəetmə şərtlərinin müəyyənləşdirilməsi və riskləri azaldan digər hüquqi mexanizmlərin tətbiqi nəzərdən keçirilə bilər".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR