Kompüter üçün ən təhlükəsiz brauzer hansıdır? – Ekspert tövsiyələri
Kompüter istifadəçiləri üçün brauzer seçimi həm təhlükəsizlik, həm də rahat istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda "Google Chrome", "Microsoft Edge", "Mozilla Firefox", "Safari" və "Brave" kimi brauzerlər geniş istifadə olunur.
Bəs bunlardan hansı daha təhlükəsiz və əlverişlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, kompüterlərdə brauzer seçərkən əsas diqqət yetirilməli məqamlar təhlükəsizlik, məxfilik, performans, uyğunluq və idarəolunma imkanlarıdır.
"Müasir və mütəmadi yenilənən brauzerlər, məsələn, "Google Chrome", "Microsoft Edge", "Mozilla Firefox", "Safari" və "Brave" təhlükəsizlik baxımından kifayət qədər güclü seçimlərdir. Lakin onların hər birinin fərqli üstünlükləri var", - deyən ekspertin sözlərinə görə, "Google Chrome" geniş istifadə olunan brauzerlərdən biridir və "sandboxing", "phishing" və "malware" qoruması, avtomatik təhlükəsizlik yeniləmələri kimi funksiyalara malikdir:
“Həmçinin müxtəlif veb tətbiqləri və xidmətləri ilə yüksək uyğunluq göstərir. "Microsoft Edge" təhlükəsizlik və müəssisə mühitində idarəolunma baxımından güclü seçimdir. Xüsusilə təşkilatlarda təhlükəsizlik siyasətlərinin, istifadəçi parametrlərinin və digər İT nəzarətlərinin tətbiqində əlverişli ola bilər. "Mozilla Firefox" məxfilik və istifadəçi nəzarəti baxımından fərqlənir. Tracking protection" və digər "privacy" funksiyaları istifadəçilərin onlayn izlənməsini azaltmağa kömək edir. "Brave" isə reklam və "tracker"ləri standart olaraq bloklamağa yönəlib. Bu həm məxfiliyi artırır, həm də bəzi hallarda veb səhifələrin daha sürətli yüklənməsinə imkan verir".

Mütəxəssis vurğulayıb ki, konkret olaraq bir brauzeri “ən təhlükəsiz” elan etmək düzgün yanaşma deyil:
“Seçim istifadəçinin və ya təşkilatın ehtiyaclarından asılıdır. Məsələn, müəssisə mühitində mərkəzləşdirilmiş idarəetmə və təhlükəsizlik siyasətləri daha vacib ola bilər, fərdi istifadəçi üçün isə məxfilik və rahatlıq daha ön planda ola bilər.
Bundan əlavə, brauzerin özü qədər istifadəçi davranışı da vacibdir. Brauzerin və əməliyyat sisteminin daim yenilənməsi, yalnız etibarlı "browser extension"larından istifadə edilməsi, şübhəli linklərdən uzaq durulması, güclü parollardan və "multi-factor authentication"dan istifadə edilməsi ümumi təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. Nəticə olaraq, mən brauzer seçərkən yalnız sürətə deyil, təhlükəsizlik, məxfilik, uyğunluq və idarəetmə imkanlarının birlikdə qiymətləndirilməsinə üstünlük verərdim”.
Firuzə Əliyeva






