“Samsung”, “Xiaomi” və “iPhone” - İnsanlar niyə bu markaları seçir?
Azərbaycanın mobil cihazlar bazarında ən çox satılan telefon markaları arasında “Samsung”, “Xiaomi” və “iPhone” xüsusi yer tutur. Bazardakı hər 100 telefondan 41-i “Samsung”, 29-u “Xiaomi”, 16-sı isə “iPhone” markasının payına düşür.
Maraqlıdır mobil telefon seçimi zamanı alıcılar daha çox nəyə önəm verirlər? Onlar üçün qiymət, yoxsa texniki imkanlar əsasdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən texnoloq Elvin Həsənov bildirib ki, alıcılar telefon seçərkən yalnız qiymətə və ya texniki göstəricilərə deyil, hər iki amilə birlikdə diqqət yetirirlər.
Onun sözlərinə görə, “Samsung”, “Xiaomi” və “iPhone” markalarının bazarda önə çıxması da onların fərqli istehlakçı qruplarına xitab etməsi ilə bağlıdır:

“Mən deyərdim ki, mobil telefon seçimi zamanı alıcı yalnız qiymətə və ya yalnız texniki göstəriciyə baxmır, əslində bu iki məsələni birlikdə qiymətləndirir. Ölkə bazarında isə "Samsung", "Xiaomi" və "iPhone"un önə çıxması təsadüfi deyil. Bu markaların hər biri fərqli alıcı qrupuna xitab edir.
Məsələn, bəzi istifadəçilər üçün əsas məsələ qiymət və gündəlik ehtiyacların qarşılanmasıdır. Onlar üçün telefonun sürətli işləməsi, batareyanın uzun müddət enerji saxlaması, kamerasının normal olması və yaddaşın kifayət etməsi vacibdir. Bu baxımdan orta qiymət seqmentində "Xiaomi" və "Samsung" modelləri daha çox seçim imkanı verir.
Digər qrup isə telefona sadəcə rabitə vasitəsi kimi yox, uzunmüddətli istifadə ediləcək cihaz kimi baxır. Onlar proqram təminatı dəstəyi, kamera keyfiyyəti, təhlükəsizlik, ekosistem və cihazın ikinci əl bazarındakı dəyərinə daha çox önəm verirlər. "iPhone"un bazarda stabil tələbat görməsinin səbəblərindən biri də budur”.
Texnoloq qeyd edib ki, son illərdə alıcıların telefon seçimi ilə bağlı yanaşmasında da müəyyən dəyişikliklər müşahidə olunur:
“Əvvəllər alıcılar daha çox “Neçə GB RAM-dır?”, “Kamerasının neçə meqapiksel olmasıdır?” kimi suallar verirdilər. İndi isə insanlar batareyanın neçə il davam edəcəyini, telefonun neçə il yeniləmə alacağını, 5G dəstəyinin olub-olmadığını və servis imkanlarını da soruşurlar.
Yəni alıcı getdikcə daha məlumatlı olur. Amma qiymət yenə də əsas faktorlardan biridir. Çünki istifadəçi texniki cəhətdən yaxşı telefon istəsə də, son qərarı çox vaxt büdcəsi verir. Ona görə də ən uğurlu modellər adətən qiymətinə uyğun yaxşı imkanlar təklif edən telefonlar olur”.
Firuzə Əliyeva







