Şimal-Cənub dəhlizi Qərbin maraqlarına cavab verir? - İqtisadçıdan AÇIQLAMA

Şimal-Cənub dəhlizi Qərbin maraqlarına cavab verir? - İqtisadçıdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son illərdə dünyada baş verən geosiyasi proseslər beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın Avropa bazarlarına çıxışını məhdudlaşdırıb. Bu fonda Rusiya üçün Asiya bazarlarına alternativ çıxış yollarının yaradılması, eyni zamanda yeni logistika marşrutlarının inkişaf etdirilməsi daha da aktuallaşıb.

Belə layihələrdən biri də Azərbaycan, Rusiya, İran və Hindistanın əsas iştirakçıları olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Təxminən 7 200 kilometr uzunluğunda olan marşrut Rusiyanı İran üzərindən Hindistan və Fars körfəzi ölkələri ilə birləşdirir. Dəhliz həmçinin Asiya ilə Rusiya arasında yükdaşımalar üçün Süveyş kanalından keçən ənənəvi marşruta alternativ hesab olunur.

Bəs iqtisadi baxımdan ciddi üstünlüklərə malik olan bu layihə Qərbin maraqlarına cavab verirmi? Qərb Şimal-Cənub dəhlizinin inkişafında maraqlıdırmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi iqtisadi baxımdan kifayət qədər məntiqli layihədir. Lakin layihənin geosiyasi tərəfi Qərb üçün o qədər də əlverişli hesab oluna bilməz.

“Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçıları Rusiya və İrandır. Xüsusilə 2022-ci ildən sonra bu layihədə Rusiya və İranın iştirakı əhəmiyyətli şəkildə artıb. Dəhliz təxminən 7 200 kilometrlik multimodal marşrutdur və əsas məqsəd Rusiyanı İran üzərindən Hindistan və Fars körfəzi ilə birləşdirməkdir: Dəhlizin əsas iqtisadi üstünlüyü ondan ibarətdir ki, Asiya ilə Rusiya arasındakı yükdaşımalar üçün Süveyş kanalından keçən ənənəvi marşruta alternativ yaradır. Müxtəlif hesablamalara görə, marşrut düzgün işlədiyi halda daşınma müddətini təxminən 30-40 faiz, logistika xərclərini isə 20-30 faiz azaltmaq potensialına malikdir”.

İqtisadçı qeyd edib ki, dəhlizin iqtisadi potensialı artıq real yük axınında da özünü göstərir:

“2024-cü ildə dəhliz üzrə yük dövriyyəsinin təxminən 26,9 milyon tona çatdığı və əvvəlki illə müqayisədə 19 faiz artdığı bildirilir. Bunun 12,9 milyon tondan çoxu dəmir yolu ilə daşınıb. Yəni burada yalnız kağız üzərində olan layihədən söhbət getmir. Artıq real yük axınının formalaşdığı marşrutdan bəhs edirik: Amma Qərbin məsələyə baxışında əsas problem iqtisadi deyil, geosiyasi riskdir. Dəhlizin iki əsas dayağı Rusiya və İrandır. Hər iki ölkə hazırda ABŞ və Avropa İttifaqının ciddi sanksiyaları ilə üz-üzədir. Buna görə Qərb şirkətləri üçün bu dəhlizin inkişafına investisiya qoymaq, onun üzərindən maliyyə əməliyyatları aparmaq və sığorta təminatı yaratmaq əvvəlki dövrlə müqayisədə daha mürəkkəbdir”.

Allahverdi Aydın vurğulayıb ki, Qərbin yeni nəqliyyat marşrutlarına qarşı olması düzgün yanaşma deyil. Onun sözlərinə görə, Avropa İttifaqı alternativ marşrutların inkişafında maraqlıdır, lakin Rusiyadan yan keçən layihələrə üstünlük verir:

“Burada maraqlı məqam ondan ibarətdir ki, Qərb ümumilikdə Avrasiya üzərindən yeni nəqliyyat marşrutlarının inkişafına qarşı deyil. Əksinə, Avropa İttifaqı bu istiqamətdə ciddi maraq göstərir. Sadəcə, Qərbin üstünlük verdiyi istiqamət Rusiyadan yan keçən marşrutlardır: Məsələn, Avropa İttifaqı hazırda Orta Dəhlizə, yəni Trans-Xəzər marşrutuna ciddi dəstək verir. Bu marşrut Azərbaycan, Gürcüstan, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri üzərindən Avropaya çıxış yaradır. Bu baxımdan Orta Dəhliz Rusiya ərazisindən yan keçən alternativ nəqliyyat marşrutu kimi Qərb üçün daha cəlbedici görünür”.

Ekspertin fikrincə, Şimal-Cənub dəhlizinin inkişafı Rusiya və İran üçün mühüm strateji üstünlüklər yarada bilər:

“Məhz buna görə hazırkı geosiyasi şəraitdə Şimal-Cənub nəqliyyat dəhlizi Qərb üçün çox da əlverişli layihə hesab oluna bilməz. Dəhliz inkişaf etdikcə Rusiya Avropadan asılı olmayan alternativ ticarət marşrutları qazanır. İran isə öz ərazisini Şimal ilə Cənub arasında mühüm tranzit platformasına çevirir. Bu isə hər iki ölkənin sanksiyaların təsirini müəyyən qədər azaltmasına imkan verə bilər: 2022-ci ildən sonra Rusiyanın dəhlizə marağının sürətlə artmasının əsas səbəblərindən biri də məhz Qərb sanksiyalarından sonra Asiya bazarlarına alternativ çıxış axtarışıdır. Ona görə düşünürəm ki, Qərbin bu layihəyə marağı məhdud olacaq. Qərb üçün əsas prioritet Rusiyadan yan keçən və Avropa ilə Asiya arasında əlaqələri gücləndirən nəqliyyat marşrutlarının inkişafıdır”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR