COP31 Antalyada başlayır – Dünyanı hansı qərarlar gözləyir?

Gələn ay Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin iqlim konfransı enerji böhranı, rekord temperatur göstəriciləri və Nepalda baş verən dağıdıcı daşqınların fonunda keçiriləcək.
Sfera.az xəbər verir ki, dünyanın ən böyük iqlim sammiti olan COP31 noyabrın 9-da Antalya şəhərində başlayacaq. Konfransda 197 ölkə qlobal temperaturun rekord həddə çatması, iqlim dəyişikliklərinin yaratdığı artan zərərlər və planetin istiləşməsinə səbəb olan qalıq yanacaqlardan uzaqlaşma məsələlərini müzakirə edəcək. Sammitə ev sahibliyi etmək hüququ Türkiyəyə verilsə də, danışıqların rəhbərliyi Avstraliyaya həvalə olunacaq. Bu, hər iki ölkənin COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsindən sonra əldə olunan razılaşma əsasında həyata keçiriləcək.
Bu il BMT çərçivəsində aparılacaq rəsmi danışıqlarda böyük qərarlardan daha çox ölkələrin könüllü iqlim öhdəlikləri ön plana çıxacaq. Türkiyə isə konfransda emissiyaların və qalıq yanacaqlardan asılılığın azaldılması yollarından biri kimi elektrikləşməyə xüsusi diqqət yetirəcək. Bununla belə, ekspertlər elektrikləşmənin təmiz enerji istehsalının artırılması ilə paralel aparılmalı olduğunu bildirirlər.
COP31-də qalıq yanacaqlardan imtina məsələsi müzakirə olunacaq?
Qalıq yanacaqlardan – kömür, neft və qazdan – mərhələli şəkildə imtina ilə bağlı konkret hədəflərin müəyyənləşdirilməsi istiqamətində səylər hələ də nəticə verməyib. Bu məsələ COP31 danışıqlarının rəsmi gündəliyinə də daxil edilməyib. Ötən il ölkələr bu keçidin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gələ bilmədikdən sonra Braziliyanın kömür, neft və qazdan uzaqlaşmanı təşviq edən könüllü “yol xəritəsi” təqdim edəcəyi gözlənilir. Bununla yanaşı, qalıq yanacaqlardan imtina məsələsində yaranan narazılığın Antalyadakı sammitdə yenidən gündəmə gəlməsi mümkündür. Bu il təxminən 60 ölkə qalıq yanacaqlardan daha sürətli imtina edilməsini tələb edərək BMT prosesindən kənarda ayrıca konfrans keçirib. Türkiyə və Avstraliya isə COP31-də prosesin əvvəlcədən proqnozlaşdırılan şəkildə aparılacağına və son anda gözlənilməz qərarların qəbul edilməyəcəyinə söz verib.
Elektrikləşməyə niyə xüsusi diqqət yetirilir?
Türkiyə və Avstraliya diqqəti qalıq yanacaqlardan birbaşa istifadə edən texnologiyaların elektriklə işləyən alternativlərlə əvəzlənməsinə yönəltmək istəyir. Buna dizel avtomobillərinin elektrikli nəqliyyat vasitələri ilə, qazla işləyən istilik sistemlərinin isə elektrik əsaslı texnologiyalarla əvəzlənməsi daxildir. Antalyada irəli sürüləcək əsas təşəbbüslərdən biri ölkələri elektrik enerjisinin ümumi son enerji tələbatındakı payını hazırkı təxminən 20 faizdən 2035-ci ilə qədər 35 faizə çatdırmağa çağırır. Sammitin təşkilatçıları hesab edirlər ki, elektrikləşmənin genişləndirilməsi istilik effekti yaradan emissiyaları azalda və xüsusilə Yaxın Şərqdəki müharibənin qlobal enerji böhranına səbəb olmasından sonra ölkələrin bahalı qalıq yanacaq idxalından asılılığını azalda bilər. Lakin dünya üzrə elektrik enerjisinin təxminən üçdə biri hələ də kömür hesabına istehsal olunur. Elektrikləşmə hədəfində əlavə elektrik enerjisinin hansı mənbələr hesabına istehsal olunacağına dair konkret tələb irəli sürülməməsi isə təşəbbüsün effektivliyi ilə bağlı suallar yaradır.
COP31 çərçivəsində hansı könüllü öhdəliklər irəli sürüləcək?
Elektrikləşmə hədəfi ilə yanaşı, Türkiyə süni intellekt, metanın və tullantıların azaldılması, həmçinin iqlim dəyişikliklərinə davamlı şəhərlərin yaradılması kimi istiqamətlərdə də bir sıra könüllü təşəbbüslər irəli sürəcək. Bu öhdəliklər rəsmi COP danışıqlarından paralel keçirilən ayrıca “fəaliyyət gündəliyi”ndə yer alacaq. Rəsmi danışıqlarda isə qərarlar konsensus əsasında qəbul edilir və ölkələr yekun sənədin hər bir maddəsi ilə razılaşmalıdır. Bu il danışıqlarda diqqətçəkən böyük qərarların sayı nisbətən azdır. Əsas müzakirələr əvvəlki konfranslardan qalan texniki məsələlər ətrafında aparılacaq. Nepalda daşqınlar iqlim maliyyəsini yenidən gündəmə gətirib COP sammitlərində ən çox müzakirə olunan məsələlərdən biri olan iqlim maliyyəsi də Antalyada diqqət mərkəzində olacaq. Xüsusilə Nepalda baş verən və iqlim dəyişikliyi ilə əlaqələndirilən dağıdıcı daşqınlardan sonra inkişaf etmiş ölkələrin maliyyə yardımı məsələsi yenidən gündəmə gəlib. Nepalın beynəlxalq yardım çağırışı tarixi olaraq daha çox istixana qazı emissiyasına səbəb olmuş ölkələrin inkişaf etməkdə olan dövlətlərə daha çox maliyyə dəstəyi göstərməsi ilə bağlı çağırışları gücləndirib. Bu vəsaitlərin inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerjiyə keçidə, iqlim dəyişikliklərinə uyğunlaşmaya və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldilməsi nəzərdə tutulur. Türkiyə özünü inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynayan ölkə kimi təqdim edir. COP31-in prezidenti Murat Kurum isə iqlim maliyyəsi sahəsində mövcud “uçurumun” aradan qaldırılmasının Antalyadakı əsas prioritetlərdən biri olacağını bildirib.
2028-ci il COP sammitinə kim ev sahibliyi edəcək?
2028-ci ildə keçiriləcək COP33 zamanı ölkələr iqlimlə bağlı qlobal fəaliyyətin nəticələrini qiymətləndirəcək. Beş ildən bir keçirilən bu proses Paris Sazişinin məqsədlərinə çatmaq istiqamətində dünyanın hansı nəticələr əldə etdiyini və hansı sahələrdə geri qaldığını müəyyənləşdirir. Lakin mühüm əhəmiyyət daşıyan bu sammitin ev sahibi hələ müəyyən edilməyib. Hindistan namizədliyini geri çəkdikdən sonra Çinin namizədliyini irəli sürməyi nəzərdən keçirdiyi bildirilir. Mənbələrə görə, Pekin iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək məqsədilə COP33-ə ev sahibliyi etməkdə maraqlı ola bilər.
Fatimə






