Sosial sığorta haqlarının 85%-i vətəndaşların fərdi hesablarında qeydə alınacaq

Məcburi dövlət sosial sığorta haqlarının 85 faizinin sığortaolunanların fərdi şəxsi hesablarında qeydə alınması təklif edilir.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, qanunvericiliyə təklif edilən dəyişikliklərdən biri də məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlərin dayanıqlı maliyyələşdirilməsi üçün yaradılan sosial sığorta ehtiyatına ayırmaların artırılması ilə bağlıdır.
Musa Quliyev bildirib ki, əsas məqsəd sosial təminat sisteminin gücləndirilməsi və onun dayanıqlılığının təmin olunması, xüsusilə həssas qrupların sosial dəstək tədbirləri ilə əhatə olunması imkanlarının genişləndirilməsidir. Komitə sədri qeyd edib ki, təklif olunan dəyişikliklər pensiya təminatı sahəsində sığorta prinsiplərinin daha geniş tətbiqinə, pensiya məbləğləri arasındakı fərqin tədricən azalmasına və Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığının gücləndirilməsinə imkan yaradacaq.
Onun sözlərinə görə, yeni sistem pensiya təyinatını da sadələşdirəcək, mürəkkəb hesablamalar və əlavə prosedurlar aradan qaldırılacaq. Dövlət qulluqçuları və onlara bərabər tutulan şəxslərin pensiya təyinatının elektron sistemlər vasitəsilə avtomatlaşdırılmış və proaktiv qaydada həyata keçirilməsi təmin ediləcək.
Musa Quliyev əlavə edib ki, son illərdə həyata keçirilmiş 5 sosial islahat paketi çərçivəsində illik əlavə olaraq 8 milyard manat vəsait ayrılıb. Nəticədə minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində isə 5 dəfə artım baş verib.
Firuzə Əliyeva





