İdxal kəskin azalıb: Bu, inflyasiyaya təsir edəcəkmi?

Azərbaycanda qiymət artımına təsir edən əsas amillərdən biri də idxal inflyasiyasıdır. Xarici bazarlarda qiymətlərin yüksəlməsi dolayı şəkildə ölkə daxilində qiymətlərin artmasına səbəb olur. Adətən idxal artdıqda Azərbaycanda idxal inflyasiyanın təsirləri daha güclü hiss olunur, azaldıqda isə əks təsir görünür.
Bu il idxalda azalma var. İlk 7 ayın məlumatına əsasən, idxal 27,4 faiz azalaraq 9,88 milyard dollara düşüb.
Bəs bu il idxal inflyasiyasının təsiri minimuma enəcəkmi?
Liberal iqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, idxalın azalması qiymətlərə təsir etmir.
Onun sözlərinə görə, idxalın azalması xaricdən alınan malların fiziki həcmi, strukturu və ya dəyərinin dəyişməsi ilə bağlıdır:
“Azərbaycanda daxili tələbatın bir hissəsi yerli istehsal hesabına ödənilirsə, idxal azalmasına baxmayaraq bazarda qiymət artımı davam edə bilər”.
İqtisadçı qeyd edib ki, burada əsas məsələ idxalın ümumi həcmi deyil, hansı məhsulların idxalının azalmasıdır:
"Ərzaq, xammal, dərman və texnologiya kimi mühüm məhsulların idxalındakı dəyişikliklərin daxili bazara təsiri fərqli ola bilər".
A.Nəsirli deyib ki, qiymətləri yalnız idxal və ixrac göstəriciləri müəyyən etmir:
"Daxili inflyasiya, əməkhaqları, enerji və logistika xərcləri, kənd təsərrüfatında məhsuldarlıq, mövsümi amillər, dünya ərzaq və xammal qiymətləri, eləcə də pərakəndə ticarətdə marjalar daha birbaşa rol oynayır. Ona görə də idxalın azalmasını inflyasiyanın zəifləyəcəyi kimi qiymətləndirmək düzgün olmaz. Daxili tələbin yüksək qalması, istehsal və logistika xərclərinin artması və dünya bazarında ərzaq-xammal qiymətlərinin bahalaşması idxalın azalmasına baxmayaraq qiymət artımına səbəb ola bilər".
İradə Elsevər






