Səudiyyə Ərəbistanı Azərbaycanda bu sahələrə yatırım edə bilər - AÇIQLAMA

Səudiyyə Ərəbistanı Azərbaycanda bu sahələrə yatırım edə bilər - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında investisiya və ticarət dövriyyəsinin qısa müddətdə iki dəfə artırılması üçün imkanların mövcud olduğunu bildirib.

Bəs hazırda Səudiyyə Ərəbistanı üçün Azərbaycanda ən perspektivli investisiya sahələri hansılardır? Azərbaycan Səudiyyə Ərəbistanına hansı məhsul və xidmətlərin ixracını artıra bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan ilə Körfəz ölkələri arasında, o cümlədən Səudiyyə Ərəbistanı ilə ticarət və iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

“Azərbaycan ilə Körfəz ölkələri arasında əlaqələrin, o cümlədən ticarət münasibətlərinin inkişafı müşahidə olunur. Həm Birləşmiş Ərəb Əmirlikləri, həm Səudiyyə Ərəbistanı, eləcə də digər Körfəz ölkələri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi və strateji münasibətlərin qurulması üçün imkanlar var. Bu baxımdan, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında perspektiv investisiya sahələri kifayət qədər çoxdur. Yaşıl enerji, qida sənayesi, eləcə də sənayenin bir sıra sektorlarında qarşılıqlı sərmayə qoyuluşları üçün imkanlar mövcuddur”, – deputat qeyd edib.

V.Bayramov əlavə edib ki, Körfəz ölkələri Azərbaycan üçün, eləcə də Azərbaycan iş adamları üçün ixrac məhsulları baxımından yeni bazar kimi araşdırılır:

“Səudiyyə Ərəbistanında qida məhsullarına tələbatın və idxalın yüksək olduğunu nəzərə alsaq, Azərbaycanın istehsal etdiyi qida, o cümlədən kənd təsərrüfatı məhsullarının bu ölkənin bazarına çıxarılması real imkan kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, bu, Səudiyyə Ərəbistanı bazarına daha çox qeyri-neft məhsullarımızın göndərilməsinə, ixracın şaxələndirilməsinə və ölkəyə daha çox valyuta daxil olmasına imkan yarada bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR