Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi

Qafqazın rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir mikro sahibkarlığın və inklüziv iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş “Biznesdə birlikdə” layihəsini elan edir.
Proqramın məqsədi inkişaf üçün əlavə dəstəyə ehtiyac duyan mikro sahibkarlar üçün bərabər imkanlar yaratmaq və onların rəqəmsal iqtisadiyyata qoşulmasına dəstək olmaqdır. İqtisadi inklüzivliyə dəstək məqsədilə proqramda biznes resurslarına və şəbəkələrinə çıxışı məhdud olan qruplara (şəhid ailələrinin üzvlərinə, fiziki imkanları məhdud şəxslərə, təqaüdçülərə), qadınlara və gənc sahibkarlara xüsusi prioritet veriləcək.
Proqram həm biznesə yeni başlamaq istəyənlər, həm də mövcud biznesini böyütmək istəyənlər üçün müxtəlif güzəştlər təqdim edir. İştirakçılar Bir ekosisteminin Birbank, Birmarket, m10 və Milliön kimi rəqəmsal platformalarından istifadə edərək bankçılıq, ödəniş, e-ticarət və rəqəmsal xidmətlərdən xüsusi şərtlərlə yararlana biləcəklər. Bu proqram ideyanı real biznesə, biznesi isə dayanıqlı gəlirə çevirmək istəyən sahibkarlar üçün əlverişli bir fürsətdir.
Proqram çərçivəsində iştirakçılara təlim və sessiyalar, güzəştli məhsul və xidmətlər, satışların stimullaşdırılmasında dəstək, bankçılıq və maliyyə dəstəyi, eləcə də biznesin inkişafı və geniş bazara çıxış imkanları kimi istiqamətlərdə dəstək göstəriləcək.
Layihə çərçivəsində təqdim olunan güzəştlərdən yararlanan sahibkarların Birmarket platformasına qoşulması nəzərdə tutulur. Bu, onlara həm geniş müştəri bazasına çıxış, həm də satışlarını rəqəmsal məkanda inkişaf etdirmək imkanı yaradacaq.






