2030-da dünyanın sonu olacaq? - "Nvidia" rəhbərindən AÇIQLAMA

2030-da dünyanın sonu olacaq? - "Nvidia" rəhbərindən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Nvidia” şirkətinin baş direktoru Censen Huanq süni intellektin yaxın illərdə bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqları rədd edib.

Sfera.az xəbər verir ki, Huanq “CBS News”a müsahibəsində süni intellektin 2030-cu ilə qədər insanlığın yox olmasına gətirib çıxaracağı ilə bağlı proqnozların kifayət qədər elmi əsasının olmadığını bildirib.

“2030-cu il dünyanın sonu olmayacaq. Belə bir nəticənin ehtimalı faktiki olaraq sıfırdır”, - Nvidia rəhbəri vurğulayıb.

Huanqın sözlərinə görə, heç bir əsas olmadan insanları qorxutmaq məsuliyyətsizlikdir. O, süni intellektlə bağlı qiyamət ssenarilərinin elmi sübutlarla dəstəklənmədiyini bildirib.

Bu açıqlama “Anthropic” şirkətinin keçmiş əməkdaşı Ceykob Koksanın süni intellekt sahəsində çalışan mütəxəssislərin texnologiyanın onilliyin sonuna qədər bəşəriyyəti məhv edə biləcəyi ssenarisini ciddi şəkildə nəzərdən keçirdiyi barədə fikirlərindən sonra səslənib.

Süni intellektin mümkün riskləri ilə bağlı müzakirələr fonunda “Anthropic” şirkətinin rəhbəri Dario Amodei və “OpenAI” rəhbəri Sem Altman da ən güclü süni intellekt modellərinin inkişafının təhlükəsizlik sistemlərinin imkanlarına uyğunlaşdırılması məsələsini gündəmə gətiriblər.

Censen Huanq isə bu yanaşma ilə razılaşmadığını bildirib və bəşəriyyətin məhvi ilə bağlı yaxın tarixlərə hesablanan proqnozları “qiyamət ssenariləri” adlandırıb.

Müsahibə zamanı Huanqın mövqeyinin şirkətin kommersiya maraqları ilə bağlı olub-olmadığı da sual doğurub. “Nvidia”nın istehsal etdiyi çiplər süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün geniş istifadə olunur. Süni intellektə tələbin sürətlə artması şirkətin bazar dəyərinin də kəskin yüksəlməsinə səbəb olub.

Huanq isə bildirib ki, “Nvidia”nın uzunmüddətli uğuru süni intellekt texnologiyalarının təhlükəsiz şəkildə tətbiqindən asılıdır. Onun sözlərinə görə, şirkət texnologiyanın məsuliyyətli şəkildə inkişaf etdirilməsində maraqlıdır.

Firuz

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR