Neftin bahalaşması Azərbaycana necə təsir edəcək? - PROQNOZ

“Dünya enerji bazarında neft qiymətlərinin yenidən 100 dollar həddinə yaxınlaşması Azərbaycanın iqtisadiyyatı üçün əlavə gəlir imkanları ilə yanaşı, müəyyən risklər də yaradır”.
Sfera.az xəbər verir ki, bunu iqtisadçı Eyyub Kərimli deyib. Onun sözlərinə görə, neftin bahalaşması ilk növbədə Azərbaycanın ixrac gəlirlərinin artmasına, tədiyə balansının güclənməsinə, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin yüksəlməsinə şərait yarada bilər:
“Neftin hər əlavə dollar bahalaşması ölkənin valyuta gəlirlərini artırmaqla yanaşı, manatın sabitliyi üçün də əlavə maliyyə “təhlükəsizlik yastığı” formalaşdırır. Amma məsələnin digər tərəfi də var. Neftin bahalaşması dünya miqyasında enerji və daşınma xərclərini yüksəldir. Bu isə Azərbaycana idxal olunan ərzaq, istehlak malları və xammalın maya dəyərinə təsir edərək inflyasiya təzyiqini artıra bilər”.
İqtisadçı əsas məsələnin isə yüksək neft qiymətlərinin real iqtisadi artıma nə qədər təsir göstərəcəyi olduğunu vurğulayıb. Eyyub Kərimlinin fikrincə, Azərbaycanın qarşısında duran əsas vəzifə neft qiymətlərinin artımından əldə olunan əlavə gəlirləri yalnız xərcləmək deyil, onları qeyri-neft sektorunun inkişafına, istehsala, infrastruktura və yeni iş yerlərinin yaradılmasına yönəltməkdir.
“Çünki neftin qiyməti 100, hətta 120 dollar da ola bilər. Amma uzunmüddətli iqtisadi uğurun əsas göstəricisi neftin neçə dollar olması deyil, neftdən kənarda nə qədər dəyər yarada bilməyimizdir”, – iqtisadçı bildirib.
Firuzə Əliyeva
Sfera.az






