Türkiyədən Azərbaycana geyim idxalı artır – Ekspertdən AÇIQLAMA

Türkiyədən Azərbaycana geyim idxalı artır – Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim gətirib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Qeyd edək ki, son bir ildə Türkiyə geyimlərinin qiymətində nəzərəçarpacaq bahalaşma baş verib. Belə bir vəziyyətdə ölkəyə geyim gətirilməsinin daha da artması maraq doğurub.

İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yerli geyim istehsalı zəifdir. Ekspertin müşahidələrinə görə, ölkəmizdə işə başlayan bəzi geyim fabrikləri bazardakı rəqabətə dözə bilmir və qısa müddətdən sonra bağlanır:

"Bu da daxili bazarda yerli istehsal hesabına malların az qalmasına səbəb olur. Bununla yanaşı, Azərbaycanda alıcıların güvənə biləcəyi və geniş tanınan yerli geyim brendlərinin sayının az olması da Türkiyə mallarına olan tələbatın yüksək qalmasına təsir edir. Yerli istehsalın azlığı, müəssisələrin rəqabət gücünün aşağı olması və güclü yerli brendlərin azlığı Türkiyədən geyim gətirilməsinin yüksək olmasının əsas səbəbləri sırasındadır”.

N.Cəfərlinin sözlərinə görə, Türkiyədən Azərbaycana gətirilən geyimlərin kəskin artmasının əsas səbəblərindən biri də məhsulların sənədləşdirilməsinin əvvəlki dövrlərə nisbətən daha düzgün aparılmasıdır. O bildirdi ki, əvvəllər gətirilən malların qeydiyyata alınması ilə bağlı müəyyən problemlər olub və bəzi geyim məhsulları gömrük qeydiyyatından kənar yollarla ölkəyə daxil olub:

“Hazırda isə bu sahədə daha sərt qaydalar tətbiq edilir və nəzarət mexanizmləri gücləndirilib. Nəticədə əvvəllər qeydiyyatsız ölkəyə keçirilən məhsulların sayı kəskin azalıb və Türkiyədən gətirilən geyimlərin daha böyük hissəsi rəsmi qaydada sənədləşdirilir”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR