İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir

İrandan gələn məhsullar bahalaşacaq – ABŞ ticarəti çətinləşdirir
Kateqoriya məlum deyil
T

ABŞ Tehrana iqtisadi təzyiqi gücləndirmək üçün İranla əlaqəli strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Bessentin sözlərinə görə, ilk növbədə banklar məhdudiyyətlərə məruz qalacaq. "Biz banklardan başlayırıq və onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir", - nazir qeyd edib.

Bessent həmçinin bildirib ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Eşvilldə (Şimali Karolina ştatı) keçiriləcək qarşıdakı görüşündə digər dövlətlərin nümayəndələrini İranla iqtisadi əlaqələrə görə mümkün sanksiyalar barədə xəbərdar edəcək. Görüş 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.

İddialar görə, ABŞ-nin gözlənilən sanksiyaları İranla quru sərhəddi olan ölkələrlə ticarət dövriyyəsini minimuma endirəcək.

Bu baxımdan Azərbaycanın İranla iqtisadi əlaqələrini azaltması, hətta tamamilə dayandırması mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib.

O bildirib ki, ABŞ-nin İrana qarşı yeni sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri istisna edilmir:

“Çünki, İran Azərbaycana qonşu ölkədir və iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər mövcuddur. Lakin Azərbaycan-İran arasında ticarət dövriyyəsinin ölkənin ümumi xarici ticarətindəki payının cəmi 1,3 faiz olması səbəbindən sanksiyaların Azərbaycan iqtisadiyyatına genişmiqyaslı və ciddi zərbə vuracağı gözlənilmir. Burada əsas risk ticarətin həcmindən daha çox bank və ödəniş kanalları ilə bağlıdır. Xüsusilə İrana qarşı yeni sanksiyaların üçüncü ölkələrin banklarını da əhatə etməsi Azərbaycan banklarının İranla əməliyyatlara daha ehtiyatlı yanaşmasına səbəb ola bilər. Bu baxımdan İrana məxsus “Bank Melli Iran”ın Azərbaycanda fəaliyyət göstərməsi ayrıca həssas məsələdir. "Bank Melli Iran”ın Bakı filialı uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ABŞ-nin sanksiya siyahısında yer alır”.

Ekspert iqtisadi baxımdan yarana biləcək problemin nə olduğunu izah edib:

“İqtisadi baxımdan problem ondan ibarətdir ki, Azərbaycan bankları İran bankları ilə aparılan əməliyyatlara görə özlərinin də ABŞ maliyyə sisteminə çıxışını riskə atmaq istəməyə bilərlər. Belə vəziyyətdə şirkətlər alternativ ödəniş mexanizmlərindən istifadə etməli olacaqlar ki, bu da əlavə komissiya, valyuta çevrilməsi və digər maliyyə xərcləri yarada bilər. Digər mümkün nəticə İrandan Azərbaycana idxal olunan məhsulların bahalaşmasıdır. Sanksiyalar məhsulun qiymətini birbaşa artırmasa da, bank, logistika, sığorta və digər əməliyyat xərclərinin yüksəlməsinə gətirib çıxara bilər. Artan maya dəyərinin bir hissəsi isə son nəticədə istehlakçı qiymətlərinə ötürüləcək. Burada xüsusilə nəzərəçarpan məqam Azərbaycanın İranla ticarətinin strukturudur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 644,1 milyon dollar təşkil edib. Bunun 624,1 milyon dolları İrandan Azərbaycana idxalın, cəmi 20 milyon dolları isə Azərbaycanın İrana ixracının payına düşüb. 2026-cı ilin ilk 6 ayında da İrandan 297 milyon dollarlıq məhsul idxal edilib. Bu səbəbdən sanksiyaların əsas təsiri Azərbaycanın ümumi iqtisadiyyatından daha çox İrandan məhsul gətirən sahibkarlara və həmin məhsulların qiymətlərinə hiss oluna bilər. Ödənişlərin və logistikanın çətinləşməsi bəzi məhsulların tədarükünü gecikdirə, alternativ bazarlardan daha baha məhsul gətirilməsinə səbəb ola bilər. Xüsusilə tez xarab olan kənd təsərrüfatı və ərzaq məhsulları daha həssas qrup hesab oluna bilər. Lakin İranın Azərbaycan xarici ticarətindəki nisbətən kiçik payını nəzərə alsaq, bu prosesin ölkə üzrə ciddi və sistemli inflyasiya şokuna çevrilməsi ehtimalı aşağıdır. Daha çox ayrı-ayrı məhsullar üzrə qiymət artımı və təchizat problemləri gözlənilə bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR