“Windows 11”də donmaların səbəbi bəlli oldu

“Microsoft” “Windows 11” istifadəçilərinin son dövrlərdə qarşılaşdığı sistem çökmələri, oyunlarda donmalar və “mavi ekran” xətalarının səbəbini açıqlayıb.
Sfera.az “Windows 11” üçün yayımlanan son aylıq yeniləmədən sonra bir sıra istifadəçilər xüsusilə oyun zamanı gözlənilməz çökmə və “mavi ekran” problemləri ilə üzləşib.
“Microsoft”un apardığı araşdırma nəticəsində sistemdəki qeyri-sabitliyin kompüterlərdə istifadə olunan RGB işıqlandırma proqramları ilə əlaqəli olduğu müəyyən edilib.
Məlumata görə, xüsusilə “Arc Raiders” və “The Finals” kimi çoxoyunçulu oyunlarda sistemlərin qəfil kilidlənməsi və xəta verərək bağlanması müşahidə olunub.
Problemin əsas səbəbi RGB qurğularını idarə etmək üçün quraşdırılan drayverlərin “Windows”un əsas sistem komponentləri ilə toqquşmasıdır. RGB proqramlarının nüvə səviyyəsində işləməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Bildirilib ki, oyunlardakı fırıldaqçılığa qarşı müdafiə sistemləri bu sürücüləri potensial təhlükə kimi qəbul edərək bloklaya bilər. Nəticədə “Windows” sistemi avadanlığı qorumaq məqsədilə kritik nüvə xətası yaradır və kompüter “mavi ekran”a düşür.
İstifadəçilər problem yaradan drayverləri “Reyestr Redaktoru” vasitəsilə müvəqqəti olaraq deaktiv edə və ya RGB cihazlarını idarə etmək üçün “SignalRGB” kimi universal proqramlardan istifadə edə bilərlər.
“Microsoft” isə problemin tam həlli üzərində araşdırmalarını davam etdirir və istifadəçilərə qarşılaşdıqları xətalarla bağlı şirkətə geribildirim göndərməyi tövsiyə edib.
Bəsti Rəfizadə






