Dünyanın ən işlək hava limanı dəyişdi: Yeni LİDER

Dünyanın ən işlək hava limanı dəyişdi: Yeni LİDER
Kateqoriya məlum deyil
T

Seulun İnçon Beynəlxalq Hava Limanı 2026-cı ilin ilk yarısında beynəlxalq sərnişin sayına görə Dubayı geridə qoyaraq dünyanın ən işlək hava limanı olub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İnçon Hava Limanı ilin ilk altı ayında 38,4 milyon xarici sərnişinə xidmət göstərib.

Bununla da Cənubi Koreyanın paytaxtındakı hava limanı Londonun Hitrou və Sinqapurun Çanqi hava limanlarını da geridə qoyub.

Ötən il beynəlxalq sərnişin axınına görə İnçon üçüncü yerdə qərarlaşmışdı. İlk iki sırada isə Dubay və Hitrou hava limanları yer alırdı. Sinqapurun Çanqi, Amsterdam Schiphol və İstanbul hava limanları da ilk sıralarda idi.

İlkin məlumatlara əsasən, Dubay hava limanı isə sərnişin axınının kəskin azalması səbəbindən ilk beşlikdən çıxıb. Hava Limanları Şurası (ACI) göstəricilərin hələ yekun təsdiqdən keçmədiyini, rəsmi hesabatın gələn ay açıqlanacağını bildirib.

Dubay hava limanında sərnişin axını İran müharibəsinin fevralın sonunda başlamasından sonra kəskin azalıb. Hava limanı münaqişənin ilk günlərində demək olar ki, tamamilə fəaliyyətini dayandırıb. “Emirates” bir neçə gün ərzində uçuşları bərpa etsə də, sərnişin sayı müharibədən əvvəlki səviyyəyə qayıtmayıb.

ACI məlumatlarına görə, Dubaydan beynəlxalq sərnişinlərin sayı fevralda 7,4 milyon olduğu halda, martda 2,5 milyona düşüb. İyun ayında isə bu göstərici təxminən 4,7 milyona yüksəlib.

Münaqişə fonunda Avropa və Asiya arasında uçuşlarda sərnişinlərin bir hissəsi Yaxın Şərqdəki hava limanlarında tranzit etmək əvəzinə birbaşa uçuşlara üstünlük verməyə başlayıb. Bu tendensiyadan İnçon hava limanı da faydalanıb.

Belə ki, Avropadan İnçon üzərindən digər istiqamətlərə tranzit edən sərnişinlərin sayı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə üçdə iki qədər artıb.

İnçon hava limanının açıqlamasında bildirilib ki, Dubay kimi Yaxın Şərq hava limanlarının tranzit imkanlarının zəifləməsi fonunda Avropa ilə Yaxın Şərq arasındakı ənənəvi hava nəqliyyatı marşrutları dəyişib və birbaşa, eləcə də İnçon üzərindən həyata keçirilən reyslərə tələbat artıb.

Bununla yanaşı, Cənubi Koreyada turizm sektorunda da ciddi canlanma müşahidə olunur. Çindən və Yaponiyadan ölkəyə gələn turistlərin sayının artması, K-pop mədəniyyətinin, o cümlədən “KPop Demon Hunters” filminin uğuru, gözəllik sənayesinin və texnologiya sektorunun sürətli inkişafı ölkəyə turist axınını artıran əsas amillər sırasındadır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR