Türkiyədə nəhəng neft yatağı aşkarlandı

ABŞ-nin “TransAtlantic Petroleum” enerji şirkəti Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətindəki neft və təbii qaz yataqları ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.
Sfera.az xəbər verir ki, “Türkiye” qəzetinin yaydığı məlumata görə, amerikalı mütəxəssislərin hesablamalarına əsasən, bölgədə gündəlik neft hasilatı 250 min barrelə, təbii qaz hasilatı isə 25 milyon kubmetrdən yüksək ola bilər.
Şirkətin rəhbəri Meloun Mitçell bildirib ki, mövcud hesablamalara görə, bu həcmdə hasilatı uzun müddət sabit saxlamaq mümkündür.
Onun sözlərinə görə, Diyarbəkirdə ən azı 25 yeni quyunun qazılması mümkündür və üfüqi qazma texnologiyasının tətbiqi hasilatın daha da artırılmasına imkan verəcək.
Mitçell vurğulayıb ki, Diyarbəkirdəki ehtiyatlar Türkiyənin enerji daşıyıcılarına olan tələbatının əhəmiyyətli hissəsini ödəmək potensialına malikdir. Mütəxəssislərin hesablamalarına görə, bölgədə nəzərdə tutulan həcmdə neft hasil olunarsa, bu, ölkənin ümumi neft tələbatının təxminən 25 faizini qarşılaya bilər.
Bundan başqa, “TransAtlantic Petroleum” şirkəti Türkiyənin şimal-qərbində yerləşən Trakiya bölgəsini də neft və qaz ehtiyatları baxımından perspektivli ərazilərdən biri kimi qiymətləndirir.
Qeyd edək ki, Türkiyə son illərdə enerji idxalından asılılığını azaltmaq məqsədilə həm Qara dənizdə təbii qaz, həm də ölkə daxilində yeni neft yataqlarının kəşfiyyatı istiqamətində fəaliyyətini gücləndirib. Bu baxımdan Diyarbəkirdə açıqlanan yeni potensial ehtiyatlar ölkənin enerji strategiyasında mühüm rol oynaya bilər.
Firuzə Əliyeva
