Qızılın ucuzlaşması Azərbaycanın valyuta ehtiyatlarını azaldır

Qızılın ucuzlaşması Azərbaycanın valyuta ehtiyatlarını azaldır
Kateqoriya məlum deyil
T

2027-ci ilin iyununda Azərbaycanın strateji valyuta ehtiyatları 2,67 milyard dollar azalıb. Azalmaya səbəb Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarındakı 3,115 milyard dollarlıq eniş olub.

Məlumatlara görə, Neft Fondunun ehtiyatlarını azaldan əsas amil məhz qızılın ucuzlaşmasıdır. İyunda qızılın kəskin dəyər itirməsi böyük miqdarda qızıl ehtiyatı olan Neft Fondunun aktivlərinin kiçilməsinə səbəb olub. Proqnozlara görə, qızıl daha da ucuzlaşacaq.

Bəs qızılın ucuzlaşması davam edərsə, bu, Fondun ehtiyatlarının məbləğinə ciddi təsir edə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, bu, normal bir prosesdir.

İqtisadçının sözlərinə görə, Neft Fondunun ehtiyatlarının indiyədək artmasının əsas səbəbi məhz qızılın bahalaşması olub:

“İndi qızıl ucuzlaşır. Qızılı ucuzlaşdıran isə ABŞ-İran müharibəsidir. Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq, ABŞ-İran müharibəsi qızılın qiymətinin enməsinə səbəb olur. Buna görə də Neft Fondunun valyuta gəlirlərində və ehtiyatlarında azalma baş verir. Bu səbəbdən bir aktivə böyük məbləğdə investisiya etmək olmaz. Bir aktivə böyük investisiya edəndə, həmin aktivin qiymətinin dəyişməsi nəticə etibarilə valyuta ehtiyatlarının həcminə də təsirsiz ötüşmür".

N.Cəfərli qeyd edib ki, qiymət dəyişikliklərinin ehtiyatlara mənfi təsirini azaltmaq üçün çoxşaxəli modelə keçilməlidir:

"İnvestisiyaların yalnız bir sahədə cəmlənməsi o qədər də doğru yanaşma deyil. İndi çox güman ki, Neft Fondu bundan nəticə çıxararaq daha çoxşaxəli və bir-birini sığortalayan yığım modelinə keçilməsi ilə bağlı yeni qərarlar qəbul edəcək”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ