Bakıda "boz bazar" və saxta ehtiyat hissələri müzakirə edildi - FOTO

Bakıda "boz bazar" və saxta ehtiyat hissələri müzakirə edildi - FOTO
Kateqoriya məlum deyil
T

Bakıda "Toyota Qafqaz" və "Avtosfer.az"ın tərəfdaşlığı ilə "Təhlükəsiz mobilliyə doğru" adlı konfrans keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İcbari Sığorta Bürosu və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Konfransın əsas mövzusu avtomobillərdə təhlükəsizliyin təmin olunması, sürücülərin nəqliyyat vasitələrinin texniki sazlığına münasibətinin yaxşılaşdırılması və cəmiyyətin bu sahədə maarifləndirilməsi olub. Tədbirdə region üçün uyğun olmayan avtomobil modellərinin, qeyri-orijinal ehtiyat hissələrinin və "boz bazar" vasitəsilə zəmanətsiz satılan nəqliyyat vasitələrinin yaratdığı risklər müzakirə edilib.

Bildirilib ki, konfransın əsas məqsədi vətəndaşları saxta ehtiyat hissələrinin, zəmanətsiz avtomobillərin və qeyri-rəsmi satış şəbəkələrinin yaratdığı təhlükələr barədə məlumatlandırmaq, həmçinin bu sahədə dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığı gücləndirməkdir.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin Ticarət siyasəti idarəsinin rəisi Əliəkbər Heydərov bildirib ki, gömrük orqanlarında əqli mülkiyyət hüquqlarının qorunması, piratçılıq və kontrafakt məhsullarla mübarizə əsas prioritetlərdəndir.

Onun sözlərinə görə, saxta məhsulların ölkəyə daxil olmasının qarşısını almaq üçün rəsmi distribütorlarla gömrük orqanları arasında məlumat mübadiləsi aparılır, məhsulların istehsal ölkəsi, qiyməti və digər göstəriciləri xüsusi sistemə daxil edilir. Bu məlumatlar əsasında gömrük əməkdaşları riskləri qiymətləndirərək yoxlamalar həyata keçirirlər.

Ə.Heydərov əlavə edib ki, gömrük əməkdaşlarının maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bəzi şirkətlər tərəfindən keçirilən təlimlər nəticəsində əməkdaşlar orijinal və saxta məhsulları daha asan ayırd edə bilirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə çıxışında texniki nasaz avtomobillərin həm yol qəzalarının, həm də paytaxtda nəqliyyat sıxlığının əsas səbəblərindən biri olduğunu bildirib.

O qeyd edib ki, hərəkətin intensiv olduğu yollarda nasaz avtomobillərin dayanması bir zolağın bağlanmasına, digər sürücülərin zolaq dəyişməsinə və nəticədə sıxlığın yaranmasına səbəb olur. Bu isə bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

T.Nəsirli sürücüləri avtomobillərinə vaxtında texniki qulluq göstərməyə çağıraraq vurğulayıb ki, nasaz nəqliyyat vasitəsinin istismarı yol hərəkəti qaydalarının pozulması hesab olunur.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı isə utilizasiya proqramı barədə məlumat verərək bildirib ki, ötən ilin oktyabrından başlanan proses çərçivəsində indiyədək 30 minə yaxın avtomobil utilizasiyaya qəbul olunub.

Onun sözlərinə görə, gələcəkdə utilizasiyaya təqdim edilən nəqliyyat vasitələrinin tamlığı, yəni üzərində mühərrik və sürətlər qutusunun olması ödəniləcək məbləğə təsir göstərəcək.

AYNA rəsmisi Rüfət Əmiraslanov isə sürücülərin ehtiyat hissəsi alarkən ilk növbədə qiymətə üstünlük verməsinin təhlükəli tendensiya olduğunu bildirib.

O qeyd edib ki, orijinal olmayan ehtiyat hissələrinin istifadəsi ağır yol qəzalarına, insanların həyatını itirməsinə və ciddi xəsarətlər almasına səbəb ola bilər. Bu baxımdan, sürücülərin ucuz məhsul seçərkən onun doğura biləcəyi riskləri də nəzərə almasının vacibliyi vurğulanıb.

Konfrans çərçivəsində iştirakçılar qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət, texniki nasazlıqların sığorta sektoruna təsiri, "boz bazar"dan alınan avtomobillərlə bağlı problemlər və yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ