İşçilər güzəştlə səhm ala biləcək

Azərbaycanda kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınmasına dair məsələləri tənzimləyən ayrıca müqavilə imzalamaq mümkün olacaq.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi.
Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə Əmək Məcəlləsinin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.
İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
