2 milyard avroluq investisiya Azərbaycana nə vəd edir? - Deputatdan AÇIQLAMA

2 milyard avroluq investisiya Azərbaycana nə vəd edir? - Deputatdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda keçirdiyi birgə mətbuat konfransında enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sülh məsələləri əsas müzakirə mövzuları olub.

Görüş zamanı Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avroya qədər qrant ayıracağı, bu vəsaitin isə ümumilikdə 2 milyard avroya qədər investisiyanı cəlb etmək potensialına malik olduğu açıqlanıb.


Bəs bu investisiyalar Azərbaycana hansı üstünlükləri qazandıra bilər? Ayrılacaq vəsait hansı layihələrin icrasına yönəldilə bilər və ölkə iqtisadiyyatında hansı sahələrin inkişafına təkan verəcək?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri nəqliyyat və logistika sektorudur.


Deputatın sözlərinə görə, Avropa İttifaqının "Global Gateway" (Qlobal Qapılar) təşəbbüsü çərçivəsində Cənubi Qafqazın nəqliyyat infrastrukturuna sərmayələrin artırılması nəzərdə tutulur və bu istiqamətdə artıq Brüsseldə müvafiq qərarlar qəbul edilib.


"Söhbət təkcə Avropa İttifaqının dövlət vəsaitlərindən getmir. Məqsəd eyni zamanda özəl sektorun da bu layihələrə daha geniş şəkildə cəlb olunmasıdır. 200 milyon avroluq qrantın 2 milyard avroya qədər investisiyanı stimullaşdırması da məhz bu mexanizmlə mümkün olacaq",– deputat qeyd edib.


V.Bayramov vurğulayıb ki, son illərdə Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmi əhəmiyyətli dərəcədə artıb. Bu isə ölkənin geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, qeyri-neft sektorundan əldə olunan gəlirlərin də yüksəlməsinə şərait yaradıb.


"Beynəlxalq yükdaşımaların artması dövlət büdcəsinə qeyri-neft gəlirlərinin daxilolmasına, ölkəyə əlavə valyuta axınının təmin edilməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın regiondakı strateji əhəmiyyətini və tranzit ölkə kimi rolunu daha da gücləndirir",– deputat bildirib.


Onun fikrincə, yeni investisiyalar ilk növbədə nəqliyyat-logistika infrastrukturunun müasirləşdirilməsi, dəmir yolu və avtomobil yollarının inkişafı, enerji və rəqəmsal bağlantı layihələrinin genişləndirilməsi, eləcə də Orta Dəhlizin ötürücülük imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.


Deputat əlavə edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində regionda formalaşan yeni əməkdaşlıq mühiti həm qonşu dövlətlər, həm də beynəlxalq tərəfdaşlarla əlaqələrin genişlənməsinə töhfə verir.

V.Bayramovun sözlərinə görə, Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin mətbuat bəyanatlarında da regional sülhün təmin edilməsinin əsas prioritetlərdən biri olduğu xüsusi vurğulanıb.

"Azərbaycan yalnız nəqliyyat-logistika sahəsində deyil, ümumilikdə regional əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımlar atır. Ermənistana yanacaq nəqlinin həyata keçirilməsi, Azərbaycan üzərindən Ermənistan yüklərinin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ölkəmizin sülh gündəliyinə sadiqliyini və regionda əməkdaşlığın güclənməsində maraqlı olduğunu göstərir", – millət vəkili fikrini tamamlayıb.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ