Neft və qızıl: Qiymətlər hara gedir?

İranla ABŞ arasında imzalanan sülh memorandumu qlobal bazarlarda yeni gözləntilər yaradıb. Xüsusilə enerji və qiymətli metallar bazarında bu prosesin mümkün təsirləri diqqətlə izlənilir. Yaxın Şərqdə gərginliyin azalması ehtimalı neft tədarükü ilə bağlı riskləri zəiflədə, eyni zamanda investorların təhlükəsiz aktivlərə marağını dəyişə bilər.
Maraqlıdır, proseslər bu cür sülh altında davam edərsə, neftin və qızılın qiymətində nə kimi dəyişikliklər olacaq?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əssən, sülh şəraitinin uzunmüddətli və davamlı olması halında bazarlar adətən geosiyasi risklərin azalmasını qiymətləndirir:
“Belə bir ssenaridə neft bazarında əsas gözlənti İranın dünya bazarlarına daha rahat çıxış ğəldə etməsi və ixrac imkanlarının genişlənməsidir. Bu isə qlobal təklifin artmasına səbəb ola bilər və nəticədə neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaradar. Qiymətlərin kəskin deyil, mərhələli şəkildə ucuzlaşması daha real görünür, çünki bazara OPEC qərarları, qlobal iqtisadi artım və enerji tələbi də təsir göstərir”.

Ekspertin fikrincə, qızıl bazarında vəziyyət bir qədər fərqlidir:
“Qızıl ənənəvi olaraq qeyri-müəyyənlik və risk dövrlərində investorların üstünlük verdiyi aktivdir. Əgər ABŞ-İran münasibətlərində sabitlik yaranarsa və regiondakı gərginlik azalarsa, təhlükəsiz liman aktivlərinə tələbat zəifləyə bilər. Bu halda qızılın qiymətində müəyyən eniş və ya ən azı artım tempinin zəifləməsi müşahidə oluna bilər. Bununla belə, qızılın qiymətinə yalnız geosiyasi hadisələr deyil, ABŞ-də faiz dərəcələri, dolların məzənnəsi, inflyasiya və mərkəzi bankların qızıl alışları da təsir göstərir. Buna görə də sülh sazişi qızıl və neft qiymətlərinə təsir edən vacib amil olsa da, yeganə müəyyənedici faktor hesab edilmir. Ümumilikdə, davamlı sülh ssenarisində neft qiymətlərinin aşağı düşməsi, qızılın isə zəifləməsi və ya daha sabit hərəkət etməsi daha çox ehtimal olunan nəticə kimi qiymətləndirilə bilər”.
Bəsti Rəfizadə
Sfera.az

