İsveçrə liderliyi itirdi: Yeni iqtisadi reytinq açıqlandı

İsveçrə dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatı statusunu itirib.
Sfera.az xəbər verir ki, Beynəlxalq İdarəetmənin İnkişafı İnstitutunun (IMD) hazırladığı yeni reytinqə əsasən, İsveçrə üçüncü pilləyə geriləyib.
Siyahının lideri Sinqapur olub. Honq-Konq isə ikinci yerə yüksəlib.
Ekspertlərin fikrincə, İsveçrənin mövqeyinin zəifləməsinə ABŞ-nin tətbiq etdiyi yüksək ticarət rüsumları və İsveçrə frankının güclənməsi səbəb olub. Bu amillər ölkəyə investisiya axınına mənfi təsir göstərib.
IMD bildirib ki, İsveçrənin geriləməsi hətta dünyanın aparıcı iqtisadiyyatlarının belə kapital axınlarındakı dəyişikliklərə və geosiyasi qeyri-müəyyənliyə həssas olduğunu göstərir.
Reytinqdə diqqət çəkən digər dəyişiklik ABŞ-nin ilk onluğa qayıtması olub. Ölkə ötən illə müqayisədə 13-cü pillədən 10-cu yerə yüksəlib.
Tayvan da mövqeyini yaxşılaşdıraraq altıncı yerdən dördüncü pilləyə qalxıb. Birləşmiş Ərəb Əmirlikləri isə beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Statistika İdarəsi (Eurostat) Danimarka, İrlandiya və Lüksemburqu Avropanın ən bahalı ölkələri elan etmişdi.
Əzizə Zeynal
Sfera.az
