Azərbaycanda ödənişli yollar hansılardır? - ADLAR

Son illər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi fonunda ən çox müzakirə edilən mövzulardan biri də ödənişli avtomobil magistrallarıdır. Ən son Şuşaya aparan yeni və sürətli avtomobil yolunun da istifadəyə verilməsi ilə ölkədə ödənişli yolların coğrafiyası genişlənib.
Sürücüləri maraqlandıran ən mühüm sual isə bəllidir: Hazırda hansı yollar pulludur, tariflər necə tənzimlənir və pulsuz alternativlər varmı?
Sfera.az xəbər verir ki, ölkənin ilk rəsmi ödənişli yolu Bakı-Quba-Rusiya Federasiyası sərhədidir (M1).
Ümumi uzunluğu 150 kilometr olan bu yolun 129 kilometrlik hissəsi ödənişli zona hesab olunur.
Yol Yeni Yaşma ödəmə məntəqəsindən başlayır və Qusar-Xudat yoluna birləşən Yeni Sudur məntəqəsində başa çatır. Yol boyu həmçinin Giləzi, Siyəzən və Xaçmaz kimi müxtəlif çıxış və birləşmə məntəqələri fəaliyyət göstərir. Tam beton örtüklü və 4 hərəkət zolaqlı olan bu yolda maksimal sürət həddi saatda 120 kilometr müəyyən edilib.
Burada sürücülər qət etdikləri məsafəyə uyğun olaraq ödəniş edirlər. Proses xüsusi çipli kartlar, həmçinin giriş-çıxışda quraşdırılmış nömrəoxuma kameraları və terminallar vasitəsilə tam elektronlaşdırılmış şəkildə, tollroad.az portalı üzərindən həyata keçirilir.
Tariflərə gəlincə, minik avtomobilləri və mikroavtobuslar üçün hər bir kilometrə görə 3.2 qəpik (bütün yol üçün təxminən 4 manat), avtobuslar üçün 7.8 qəpik (bütün yol üçün təxminən 10 manat), yük avtomobilləri üçün 11.6 qəpik (bütün yol üçün təxminən 15 manat) və ağırtonnajlı qoşqulu maşınlar üçün isə 18.2 qəpik ödəniş tələb olunur.
Ölkənin ikinci və ən yeni açılan ödənişli magistralı Qarabağın incisi Şuşaya gediş-gəlişi daha rahat və sürətli etmək məqsədilə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Təzəlikcə rəsmi açılışı olan və çoxsaylı tunel, körpü, estakadalardan ibarət bu modern yol həm məsafəni əhəmiyyətli dərəcədə qısaldır, həm də sürücülərin təhlükəsiz, fasiləsiz hərəkətini təmin edir.
Yaradılmış avtomobil yolunun 81,3 kilometrlik hissəsi üzrə gediş tarifləri müəyyən edilib.
Müəyyən edilən tariflərə əsasən, 1 kilometr üçün ödəniş məbləğləri minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üçün – 8,6 qəpik (bütün marşrut üzrə 6 manat 99 qəpik), kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri və digər maşın-mexanizmlər üçün – 10,6 qəpik (bütün marşrut üzrə təxminən 8 manat 62 qəpik), avtobuslar üçün – 7,1 qəpik (bütün marşrut üzrə 5 manat 77 qəpik), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün – 17,7 qəpikdir (bütün marşrut üzrə 14 manat 39 qəpik).
Azərbaycanda pullu yollar şəbəkəsinin genişləndirilməsi bununla bitmir. Dövlətin nəqliyyat strategiyasına və AAYDA-nın uzunmüddətli planlarına əsasən, gələcəkdə ölkənin daha bir strateji marşrutunun ödənişli əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur. Belə ki, region üçün böyük iqtisadi və logistik əhəmiyyət kəsb edən, inşası sürətlə davam etdirilən Horadiz-Cəbrayıl-Ağbənd avtomobil yolunun da gələcəkdə ödənişli magistral statusu alacağı planlaşdırılır. Bu yol xüsusilə beynəlxalq yükdaşımalar və tranzit dəhlizləri baxımından mühüm keçid rolunu oynayacaq.
Mövzu ilə bağlı sürücülərin ən çox maraqlandığı məsələ isə ödənişsiz alternativlərin olub-olmamasıdır.
AAYDA-dan bildirilib ki, mövcud qanunvericiliyin tələbinə uyğun olaraq, hər iki istiqamətdə də sürücülərin pulsuz seçim imkanı mütləq şəkildə qorunub saxlanılıb. Belə ki, Bakı-Quba istiqamətində köhnə ənənəvi yol tamamilə ödənişsiz fəaliyyət göstərir. Şuşa istiqamətində isə torpaqlarımızın azad olunmasından dərhal sonra salınan "Zəfər Yolu" tamamilə ödənişsiz alternativ marşrut rolunu oynayır. Sürət və zamana qənaət edib yüksək komfortla hərəkət etmək istəyən sürücülər yeni ödənişli yollardan, sərbəst seçim hüququndan istifadə edərək pula qənaət etmək istəyənlər isə alternativ pulsuz yollardan rahatlıqla istifadə edə bilərlər.
Bəsti Rəfizadə
Sfera.az
