Vüqar Bayramov: "Bu layihə regionun əsas nəqliyyat marşrutlarından birinə çevriləcək"

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Zəngəzur dəhlizinin mütləq reallaşacağını bəyan etməsi bu layihənin yaxın perspektivdə regionun əsas nəqliyyat marşrutlarından birinə çevriləcəyi ilə bağlı gözləntiləri daha da artırıb.
Sfera.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin edilməsinin vacibliyini vurğulayıb və Zəngəzur dəhlizinin həyata keçiriləcəyini bəyan edib.
V.Bayramov qeyd edib ki, layihənin Azərbaycan ərazisindən keçən hissəsində işlər artıq tamamlanmaq üzrədir:
“Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin uzunluğu cəmi 40 kilometr təşkil edir və bu, tikinti işlərinin sürətləndirilməsi halında layihənin daha qısa müddətdə istifadəyə verilməsinə imkan yaradır. 15 milyon ton yükötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi region ölkələrinin iqtisadi inkişafına mühüm töhfə verəcək. Onun sözlərinə görə, yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək bu nəqliyyat marşrutu Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək, eyni zamanda tranzit ölkələrin gəlirlərinin artmasına şərait yaradacaq”.
Millət vəkili qeyd edib ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə əsasən, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi gözlənilir.
Dəhliz fəaliyyətə başladıqdan sonra Çindən göndərilən yüklərin Londona çatdırılma müddətinin təxminən 18 günə enəcəyi proqnozlaşdırılır. V.Bayramovun sözlərinə görə, uzunmüddətli hesablamalara əsasən, Zəngəzur dəhlizi növbəti 10 il ərzində təxminən 50 milyard dollar iqtisadi gəlir formalaşdırmaqla yanaşı, hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına da töhfə verə bilər.
Deputat vurğulayıb ki, layihənin reallaşması təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun nəqliyyat-logistika imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Firuzə Əliyeva
Sfera.az
