Neft daha da bahalaşacaq? – AÇIQLAMA

Son günlər İsrail və İran bir-birinin neft və qaz qurğularına ardıcıl hücumlar həyata keçirirlər. Bu hücumlar nəticəsində həm İranın, həm də Körfəz ölkələrinin neft-qaz infrastrukturu ciddi zərər görüb. Həmin hücumlardan sonra yanacaq bazarlarında qiymət artımı müşahidə edilir. Artıq "Brent" markalı neftin bir barelinin dəyəri 118 dollara çatıb.
Bəs növbəti hücumlar neft və qazın daha da bahalaşmasına səbəb ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimovun fikrincə, ABŞ rəhbərliyinin İranın enerji obyektlərinə mümkün zərbələrlə bağlı mövqeyi və regionda artan gərginlik fonunda enerji bazarlarında baş verən proseslər diqqətlə izlənilir:

“Son günlər İranın enerji infrastrukturunun, o cümlədən Cənubi Pars qaz yatağı kimi strateji əhəmiyyətli sahələrin hədəfə alınması ehtimalları qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Eyni zamanda Hörmüz boğazı ətrafında yaranan risklər dünya üzrə neft və qaz təchizatının təhlükəsizliyi ilə bağlı sualları artırır.
Mövcud vəziyyət göstərir ki, enerji obyektlərinə yönələn hərbi risklər bazarda təklifin azalacağı gözləntilərini gücləndirir. Bu isə öz növbəsində neft qiymətlərinə birbaşa təsir edərək onların artımına səbəb olur. Bundan əlavə, geosiyasi gərginlik fonunda formalaşan risk əlavəsi qiymətlərin daha da yüksəlməsini şərtləndirir. Xüsusilə qeyd etməliyəm ki, Hörmüz boğazı kimi qlobal enerji daşımalarının əsas marşrutlarından birində hər hansı məhdudiyyət və ya təhlükə ehtimalı belə bazarlarda kəskin reaksiya doğurur və qiymətlərin sürətlə artmasına gətirib çıxara bilər".
İqtisadçı əlavə edib ki, neft-qaz obyektlərinin hədəfə alınması və regionda gərginliyin artması qısa müddətdə enerji daşıyıcılarının qiymətlərində artım tendensiyasını gücləndirən əsas amillərdən biri kimi çıxış edir:
“Gərginliyin miqyası və davametmə müddəti isə bu təsirin nə qədər dərin və uzunmüddətli olacağını müəyyən edəcək. Hazırkı şəraitdə bazar iştirakçıları və ölkələr enerji təhlükəsizliyi məsələlərinə daha həssas yanaşır və risklərin idarə olunması prioritetə çevrilir”.
Fidan Hacızadə
Sfera.az
