"Avropa böhranı Rusiyasız çözülməyəcək" - Orban

Hazırkı Avropa enerji böhranı Rusiyanın köməyi olmadan bitməyəcək.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O əlavə edib ki, Rusiyanı təcrid etməyə yönəlmiş Avropa İttifaqı (Aİ) strategiyası uğursuzluğa düçar olub.
"ABŞ artıq Rusiya ilə danışıqlar aparır və Hindistana yenidən Rusiya nefti idxal etməyə icazə verib. Brüssel isə əksinə, Rusiya enerjisinə qarşı sanksiyaların dayandırılması barədə eşitmək belə istəmir", – Orban Almaniyanın "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, sərfəli Rusiya nefti və qazı olmadan bu böhranın öhdəsindən gəlmək mümkün deyil: "Aydındır ki, Rusiyanı təcrid etmək, iqtisadi cəhətdən diz çökdürmək və daim yeni sanksiyalar qəbul etmək konsepsiyası Ukraynadakı hərbi əməliyyatların dayandırılmasına gətirib çıxarmayıb".
Orbanın sözlərinə görə, Rusiya ilə birbaşa danışıqların rədd edilməsi ilə müşayiət olunan bu Avropa strategiyası, hətta ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Kiyevə hərbi və maliyyə dəstəyi dayandırıldıqdan sonra da davam etdirilir.
Baş nazir vurğulayıb ki, bu strategiya ciddi suallar doğurur:
"Xüsusən də Yaxın Şərqdəki vəziyyətin pisləşdiyi və Avropanın rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə zərər gördüyü bir vaxtda bu yanaşma süquta uğrayıb".
O, Avropada milyonlarla iş yerinin itirilməsi təhlükəsi barədə də xəbərdarlıq edib.
Macarıstanın hökumət başçısı avropalıların dörd ildir bu vəziyyətdən əziyyət çəkdiyini bildirib: "Onlar enerji, benzin və dizel qiymətlərinin artmasına, Avropanın bir vaxtlar güclü olan sənayesinin məğlubiyyətinə – qazana bilməyəcəyiniz bir müharibənin qurbangahında dözmək məcburiyyətindədirlər".
Firuzə Əliyeva
Sfera.az
