Ölkələr neft ehtiyatlarını "boşaldır" - Bazarda qiymət gərginliyi səngimir

Ölkələr neft ehtiyatlarını "boşaldır" - Bazarda qiymət gərginliyi səngimir
Kateqoriya məlum deyil
T

Neftin bahalaşmasından sonra ABŞ və digər ölkələr, hansılar ki, neftin bahalaşmasını istəmirlər neft ehtiyatlarından istifadə etməyə başlayıblar. Məlumatlara əsasən, həmin ölkələrin özlərinə aid neft ehtiyatlarından istifadə etməsi neft qiymətlərinin daha çox yüksəlməsinin qarşısnı ala bilər. 

 

Bəs onların imkanları bazardakı təklif kəsirini nə qədər müddətə bağlaya bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, ABŞ və bəzi digər iri istehlakçı ölkələrin neft qiymətlərinin sürətlə artmasının qarşısını almaq üçün strateji ehtiyatlardan istifadə etməsi qlobal enerji bazarında tez-tez tətbiq olunan mexanizmlərdən biridir.

 

Onun sözlərinə görə,  xüsusilə qiymət şokları və ya geosiyasi risklərin artdığı dövrlərdə bu ehtiyatlar bazara əlavə təklif yaradaraq qiymətlərin kəskin yüksəlməsini müvəqqəti şəkildə məhdudlaşdıra bilir:

 


"Bu baxımdan ən böyük ehtiyatlardan biri ABŞ-a məxsus olan ABŞ Strateji Neft Rezervləri hesab olunur. ABŞ hökuməti zərurət yarandıqda gündə təxminən 1 milyon barel civarında nefti bazara çıxarmaq imkanına malikdir. Lakin nəzərə almaq lazımdır ki, strateji ehtiyatların məqsədi bazardakı struktur problemi həll etmək deyil, əsasən qısamüddətli təklif çatışmazlığını kompensasiya etməkdir".

 

A.İbrahimli qeyd edib ki, strateji ehtiyatlardan istifadə də  təkcə ABŞ ilə məhdudlaşmır:

 

"Beynəlxalq Enerji Agentliyi üzvü olan ölkələr də koordinasiyalı şəkildə bazara əlavə neft çıxara bilirlər. Belə hallarda birgə addımlar qlobal bazarda gündəlik bir neçə milyon barel əlavə təklif formalaşdırmaq potensialına malikdir.
Ümumilikdə isə deyə bilərəm ki, əgər bazarda yaranan kəsir gündəlik 1–2 milyon barel həcmindədirsə, strateji ehtiyatların istifadəsi bu boşluğu bir neçə ay ərzində qismən kompensasiya edə bilər. Lakin kəsirin daha uzunmüddətli və struktur xarakter daşıdığı hallarda bu mexanizm yalnız müvəqqəti təsir göstərir və bazarın balanslaşması yenə də əsasən hasilatın artması və ya qlobal tələbin azalması hesabına baş verir.
Bu səbəbdən strateji neft ehtiyatlarının bazara çıxarılması daha çox qiymətlərin kəskin sıçrayışının qarşısını almaq və bazara psixoloji sabitlik siqnalı vermək məqsədi daşıyır. Uzunmüddətli perspektivdə isə enerji bazarının tarazlığı yenə də əsas istehsalçı ölkələrin hasilat siyasətindən və qlobal iqtisadi proseslərdən asılı olaraq formalaşır".

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ