BMW-dən yenilik - Yeni nəsil robotlarla işləyəcək

BMW-dən yenilik - Yeni nəsil robotlarla işləyəcək
Kateqoriya məlum deyil
T

Almaniyanın avtomobil nəhəngi BMW istehsal prosesində yeni mərhələyə keçməyə hazırlaşır. Şirkət Avropadakı zavodlarında fiziki süni intellektlə təchiz olunmuş "Humanoid" robotları sınaqdan keçirmək üçün geniş pilot proqram başladır.


Sfera.az xəbər verir ki, Sürixdə yerləşən texnologiya şirkəti "Hexagon" tərəfindən hazırlanan və “fiziki süni intellekt”lə işləyən AEON robotları Almaniyanın Leypsiq şəhərində yerləşən zavodda test ediləcək.


Şirkət bu sahədə artıq müəyyən təcrübə əldə edib. Belə ki, ötən il ABŞ-nin Cənubi Karolina ştatındakı fabrikdə "Figure AI" şirkətinin hazırladığı "Figure 02" robotları ilə həyata keçirilən pilot layihə uğurlu nəticələr verib. Gündə təxminən 10 saat təkrarlanan və ağır istehsal tapşırıqlarını yerinə yetirən robotlar 30 mindən çox BMW X3 modelinin istehsalına birbaşa töhfə verib.


Yeni AEON robotları süni intellekt əsaslı sensorlar vasitəsilə ətraf mühiti analiz edə və müstəqil qərarlar qəbul edə bilir. İnsan ölçüsündə olan bu robotlar saniyədə 2,4 metr sürətlə hərəkət edir. Bundan əlavə, avtomatik batareya dəyişdirmə sistemi sayəsində onlar dörd saatlıq növbələrdə fasiləsiz işləmək imkanına malikdir.


Planlara görə robotlar ilkin mərhələdə zavodda müxtəlif istehsal tapşırıqlarında sınaqdan keçiriləcək. Sonrakı mərhələdə isə onların yüksək gərginlikli akkumulyatorların yığılması kimi daha mürəkkəb proseslərdə istifadə olunması nəzərdə tutulur.


BMW rəhbərliyi hesab edir ki, bu pilot proqramlar fiziki süni intellekt texnologiyalarının real sənaye mühitində effektiv və problemsiz şəkildə tətbiq oluna biləcəyini göstərir.

 

Mənsumə
Sfera.az

 

PAYLAŞ