Neft bahalaşır - Büdcəyə hansı halda baxılacaq? - AÇIQLAMA

Neft bahalaşır - Büdcəyə hansı halda baxılacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Dünya bazarında Azərbaycan neftinin hər barelinin 100 dollardan baha təklif edilməsi dövlət büdcəsinə mümkün təsirlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.


Sfera.az xəbər verir ki, məsələni Milli Məclisin deputatı Vüqar Bayramov şərh edib.


Millət vəkili qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Onun sözlərinə görə, illik orta qiyməti bir neçə günlük, həftəlik və ya aylıq qiymətlərlə müqayisə etmək doğru deyil, çünki burada əsas göstərici illik orta qiymətdir:


“'Statista'nın hesablamalarına əsasən, bu ilin yanvar ayında 'Brent' markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FED isə orta qiymətlərin müvafiq olaraq 66.6 və 70.8 dollar təşkil etdiyini bildirib".


V.Bayramovun sözlərinə görə, bu rəqəmlər göstərir ki, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymətlər büdcədə nəzərdə tutulandan yalnız cüzi fərqlənib, bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib.


Vüqar Bayramov bildirib ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin, yəni 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Millət vəkili bu məbləğin 12,8 milyard manatının Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) edilən transfertlərin payına düşdüyünü qeyd edib:

 


“Neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin təxminən 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərir. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Neft Fondunun transfertləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin cari qiyməti ilə həmin məbləğ arasında birbaşa əlaqə olmur. Lakin yüksək qiymətlər fondun gəlirlərinin və valyuta ehtiyatlarının artmasına səbəb ola bilər”.


Deputat vurğulayıb ki, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq. Bu isə dövlət büdcəsinin gəlirlərinin artmasına; milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərin bərpası və sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsait ayrılmasına imkan yarada bilər.


Onun sözlərinə görə, daha çox gəlir həm də daha çox fiskal xərcləmə deməkdir və bu, qeyri-neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatını da gücləndirir:

 

"Bununla yanaşı, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə enerji ölkələri üçün yüksək neft qiyməti daha çox valyuta gəliri deməkdir".

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ