Müharibə yanacağı bahalaşdırır - Qlobal inflyasiya təhlükəsi var

Yaxın Şərqdə son dövrlərdə artan gərginlik və silahlı toqquşmalar qlobal enerji bazarlarına da ciddi təsir göstərməyə başlayıb. Region ölkələri dünya neft və qaz ehtiyatlarının mühüm hissəsinə sahib olduğu üçün burada baş verən hər bir siyasi və hərbi hadisə beynəlxalq enerji qiymətlərində dalğalanmaya səbəb olur. Münaqişənin eskalasiyası fonunda neft və qazın qiymətinin artması təkcə enerji bazarını deyil, eyni zamanda qlobal ticarəti, istehsalı və inflyasiya səviyyəsini də təsir altına ala bilər.
Enerji daşıyıcılarının bahalaşması xüsusilə idxaldan asılı olan ölkələrin iqtisadiyyatına daha çox təzyiq yaradır. Bu vəziyyət istehsal xərclərinin artmasına, logistika və nəqliyyat sahələrində bahalaşmaya, nəticədə isə bir çox ölkələrdə iqtisadi artım tempinin zəifləməsinə səbəb ola bilər.
Maraqlıdır, Yaxın Şərqdə münaqişənin eskalasiyasının səbəb olduğu enerji daşıyıcılarının qiymətindəki artım dünya iqtisadiyyatına hansı mənfi təsirləri göstərə bilər? Hansı ölkələrin iqtisadiyyatına daha çox təzyiq yaranacaq?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası enerji daşıyıcılarının, xüsusilə neft və qazın qiymətinin artmasına səbəb olduqda bu vəziyyət dünya iqtisadiyyatına bir sıra mənfi təsirlər yaradır.
Onun sözlərinə görə, enerji qiymətlərinin yüksəlməsi istehsal və nəqliyyat xərclərini artırır:
“Bu isə məhsul və xidmətlərin qiymətlərinin bahalaşmasına, yəni qlobal inflyasiyanın güclənməsinə gətirib çıxarır. Nəticədə bir çox ölkələrdə əhalinin alıcılıq qabiliyyəti azalır və iqtisadi artım tempi zəifləyir. Enerji qiymətlərinin artması xüsusilə sənaye istehsalına əsaslanan iqtisadiyyatlar üçün əlavə xərclər yaradır. Zavod və fabriklərdə istehsal prosesində enerji əsas resurslardan biri olduğuna görə enerji bahalaşdıqca məhsulların maya dəyəri artır. Bu isə həm daxili bazarda qiymət artımına, həm də beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin zəifləməsinə səbəb ola bilər”.

Ekspert vurğulayıb ki, bu prosesdən ən çox enerji idxalından asılı olan ölkələr təsirlənir:
“Məsələn, Yaponiya, Cənubi Koreya və bir çox Avropa İttifaqı ölkələri enerji ehtiyatlarının böyük hissəsini idxal etdikləri üçün qiymət artımı onların iqtisadiyyatına ciddi maliyyə yükü yaradır. Enerji xərclərinin artması bu ölkələrdə istehsalın bahalaşmasına və ticarət balansının pisləşməsinə səbəb ola bilər. Digər tərəfdən, inkişaf etməkdə olan və enerji idxal edən ölkələr üçün vəziyyət daha çətin olur. Belə ölkələrdə enerji və yanacaq qiymətlərinin artması dövlət büdcəsinə əlavə yük yaradır, çünki hökumətlər bəzən enerji subsidiyalarını artırmağa məcbur olurlar. Bu isə büdcə kəsirinin böyüməsinə və makroiqtisadi sabitliyin zəifləməsinə gətirib çıxara bilər. Eyni zamanda qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik artır, investisiya axınları zəifləyə bilər və beynəlxalq ticarət həcmləri azalır. Beləliklə, enerji qiymətlərinin münaqişə səbəbindən artması dünya iqtisadiyyatında inflyasiya təzyiqinin güclənməsinə, iqtisadi artımın yavaşlamasına və xüsusilə enerji idxalından asılı ölkələrin iqtisadiyyatına daha böyük təzyiq yaranmasına səbəb olur”.
Niyaz Hacıyev
Sfera.az
