Səudiyyə Ərəbistanı neft hasilatını azaldacaq

Səudiyyə Ərəbistanı neft hasilatını azaldacaq
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” bölgədə artan hərbi gərginlik və Hörmüz boğazı ətrafında yaranan problemlər səbəbindən iki neft yatağında hasilatı azaltmaq qərarı verib.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ və İsrail tərəfindən İran əleyhinə həyata keçirilən hücumlardan sonra Hörmüz boğazında gəmi hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən “Saudi Aramco” bəzi yataqlarda hasilatı azaltmağa başlayıb. Lakin hasilatın konkret hansı yataqlarda və nə qədər azaldıldığı barədə məlumat açıqlanmayıb.

 

Mənbələr həmçinin bildiriblər ki, şirkət xam neft daşımalarının bir hissəsini Qırmızı dəniz sahilində yerləşən Yanbu Limanı istiqamətinə yönləndirib. Qeyd olunub ki, regionda davam edən qarşıdurmalar yalnız Səudiyyə Ərəbistanına deyil, hücumların təsir etdiyi bəzi qonşu ölkələrə də təsir göstərib və onların da neft hasilatını azaltmasına səbəb olub. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İran əleyhinə hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn daxil olmaqla bəzi regional hədəflərə zərbələr endirib.

 

Bölgədə enerji infrastrukturlarına yönələn hücumlar və Hörmüz boğazı ilə bağlı risklərin artması neft bazarında qiymətlərin kəskin yüksəlməsinə səbəb olub. Brent nefti və WTI nefti həftəsonu ticarətində 25 faizdən çox bahalaşaraq bir barel üçün 110 dolları keçib. Brent nefti qısa müddət ərzində 119,50 dollara qədər yüksəlib. Daha sonra G7 ölkələrinin qiymət artımına qarşı fövqəladə toplantı keçirərək strateji ehtiyatlardan bazara əlavə neft buraxılması variantını müzakirə edə biləcəyi xəbərlərindən sonra qiymətlər bir qədər geriləyib. Hazırda Brent nefti təxminən 110 dollar, WTI isə 106 dollar səviyyəsində ticarət olunur.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ