Agentlik yanacaqdoldurma obyektlərinə müraciət etdi - "Müvafiq rəyi alın"

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektlərinə müraciət edib.
Sfera.az xəbər verir ki, Agentlik yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Dövlət Agentliyindən müvafiq rəyinin alınmasının vacib olduğunu xatırladıb.
Belə ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə "Texniki tənzimləmə haqqında" Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.
Agentlik bildirir ki, rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri) yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda olduğu halda, tələb olunan müvafiq ərizə formasını doldurmaqla Dövlət Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa ərizə, rəsmi internet səhifəsi və ya elektron poçt vasitəsilə müraciət etməlidirlər.
Firuzə Əliyeva
Sfera.az
