OPEC+ qərarı - Neftin ucuzlaşmasının qarşısını alacaq

OPEC+ qərarı - Neftin ucuzlaşmasının qarşısını alacaq
Kateqoriya məlum deyil
T

OPEC+ ölkələri birgə formatda hazırkı hasilat səviyyələrini dəyişməmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, yaxın aylarda bazara əlavə neft çıxarılmayacaq və mövcud kəsinti mexanizmi qüvvədə qalacaq.

 

Bəs OPEC + ölkələri niyə belə qərar qəbul ediblər? Neftin ucuzlaşması ehtimalı əsas səbəbdirmi?

 

İqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında xatırlatdı ki, OPEC+ 2020-2023-cü illərdə hasilatı azaldıb. 

 

Onun sözlərinə görə, məqsəd pandemiyanın təsirlərini aradan qaldırmaq idi:


“Hasilatı azaltdıqdan sonra qiymətlər qalxdı və bəzi vaxtlarda 100 dolların üzərinə çıxdı. Sonra müşahidə edildi ki, Amerika, Kanada və digər qeyri-OPEC ölkələri satışını artırıb. Bu isə bazar payının itirilməsinə səbəb oldu. Bundan sonra hasilat yavaş-yavaş artmağa başladı. İndi yaranan fasiləyə səbəb isə qiymətlərin düşməsidir. 2026-cı ildə bazarda artıqlıq olacağına dair məlumatlar var. Ona görə də OPEC+ biraz fasilə vermək istəyir, çünki qiymətlərin sürətlə düşməsi onları narahat edir”.

 

Ekspert qeyd edib ki, bunun qarşısının alınıb-alınmayacağı isə sual altındadır:

 

“Çünki OPEC+ dünya bazarında neft hasilatının 50%-ni verir, qalan 50%-i isə digər ölkələr təmin edir. İran, Rusiya kimi ölkələr neft hasilatını azaltmaq imkanına malik deyillər. Ona görə bir sıra cəhdlər edirlər ki, qiymət düşsün, amma bunu tam aradan qaldıra bilmirlər. Bu isə Azərbaycana da ziyan vurur, çünki neftin ucuzlaşması bizin də zərərimizədir”.

 

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, OPEC+ ölkələrinin hasilatla bağlı qərarıının mediada səhv izah olunduğunu dedi. O bildirdi ki, yeni qərara əsasən, indiyə qədər təsdiqlənmiş kvotadan artıq hasilat olmayacaq:

 

“Kvota artıq təsdiqlənib və hər ay kvota artırılır. Dekabr ayında kvota 126 min barel artırılıb, gələn ay isə bir qədər daha artırılacaq. Yəni kvotadan əlavə neft hasilatının artırılması dayandırılır. Bu barədə ilkin razılaşma var”.

 

 

Ekspertin sözlərinə görə, bu o deməkdir ki, OPEC+ ölkələri indiki qiymətlərdən razıdırlar və qiymətin kəskin düşməsinin qarşısını alırlar:

 


“Çünki kvotalar yenidən artırılsaydı, neft 60 dollardan da aşağı düşə bilərdi. Ona görə də düşünürəm ki, bu, qiyməti sabitləşdirmək və 55-65 dollar koridoruna yerləşdirmək cəhdidir”.


Müsahibimiz vurğulayıb ki, OPEC+ ölkələrinin əsas hissəsinin birləşdiyi OPEC isə Rusiyaya qarşı sanksiyaların təsirlərini gözləməyi üstün tutur: 

 

“Əgər Rusiyaya qarşı sanksiyalar işləyəcəksə, deməli dünya bazarında neft azalacaq və neftin tələbatının azalması OPEC ölkələrinə hasilatı artırmaq imkanı verəcək. Yox, əgər sanksiyalar işləməyəcəksə və ya yumşaldılacaqsa, o zaman kvotaların əvvəlki qaydada təsdiqlənmiş normalara əsasən hər ay təqribən 100-120 min barel artırılması ilə bağlı cədvəli görəcəyik. Yəni, bu qərar indiyə qədər razılaşdırılmış kvotalardan daha çox neft hasil etməyi müəyyən dərəcədə nəzərdə tutur. Bu, dünya bazarında gedən prosedurlardan və qiymət siyasətindən asılı olacaq. Əgər neftin qiyməti kəskin bahalaşarsa, OPEC daha çox neft hasil edəcək ki, qiymətlər yenidən 60-65 dollara qədər ensin”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ