Elektrik və hibrid avtomobilləri təhlükəlidir? - "Yanğın riski yüksəkdir"

Elektrik və hibrid avtomobilləri təhlükəlidir? - "Yanğın riski yüksəkdir"
Kateqoriya məlum deyil
T

Son günlər Çinin bəzi elektrik və hibrid avtomobillərinin yanması ilə bağlı yayılan görüntülər avtomobil sahəsində ciddi narahatlıq yaradıb. Hadisələrin artması elektrik və hibrid nəqliyyat vasitələrinin təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən avtomobil sahəsi üzrə ekspert, “MasterClass” layihəsinin rəhbəri Raqif Raufoğlu bildirib ki, son dövrlərdə elektrikli avtomobillərin yanması halları daha tez-tez müşahidə olunur.

 

Ekspertin sözlərinə görə, əsas problem ondadır ki, baş verən yanğınların səbəbləri təhlil edilmir və rəsmi izahatlar ictimaiyyətə təqdim olunmur.


“Son zamanlar belə hadisələr tez-tez müşahidə olunur. Birincisi, bizim üçün yaxşı olmayan tərəfi odur ki, park halında baş verən yanmaların texniki səbəbdən heç bir açıqlamaları olmur. Tək elektrik avtomobili olmasın, istənilən benzin mühərrikli avtomobildə belə hal baş verəndə sual verilir ki, niyə yandı? Deyirlər ki, bilmirik, gəldilər, söndürdülər vəssalam. Yəni bunlar texniki olaraq araşdırılmır. Bu zaman insanlar da anlamır, bilmir orada nə baş verdi, necə oldu və başqa bir adam da belə bir risk varsa xəbərsiz qalır”.


Mütəxəssis sürücülərin istehsalçı şirkətlərin elan etdiyi beynəlxalq geri çağırışları (recall) mütləq izləməli olduqlarını bildirib:

 

"Çünki əksər yanğın halları məhz istehsalçı tərəfindən sonradan aşkar edilən texniki qüsurlarla bağlı olur. Hər bir avtomobilin sürücüsü beynəlxalq geriçağırmaları izləməlidir. Biz xəbərləri oxuyan kimi ictimaiyyətə çatdırırıq ki, filan marka, filan modelini geri çağırıb. Məsələn, iki gün əvvəl “Ford” bütün “plug-in” modellərini geri çağırmışdı. Həm elektromobildir, həm plagindir, yeni nəsildir. Nəyə görə? Çünki yanğın riski var. Hətta qeyd etmişdilər ki, hələlik cərəyana qoşmadan istifadə edin. Elə avtomobillər var ki, cərəyana qoymadan da işlədə bilirsən. Sürücü bunları izləməlidir”.

 

 

R.Raufoğlunun fikrincə, elektrik avtomobillərində yanğın riski benzin və dizel mühərrikli avtomobillərə nisbətdə daha yüksəkdir. Onun fikrincə, bunun əsas səbəbi batareya quruluşu və yüksək gərginlik sistemidir:


“Elektromobillər hər bir halda benzin-dizelə nisbətdə daha riskli olacaqlar, bu aydın məsələdir. Çünki burada hər şey cərəyanladır. Adi bir gərginlik oynamasından, batareyada kiçik bir problemdən qaynaqlanan qısaqapanma olsa, təbii ki, yanğına gətirib çıxaracaq. Bu avtomobillərin idarə edilməsi zamanı texniki qaydalara daha sərt şəkildə əmək olunmalıdır. Elektromobil alınırsa, başqa bir məsuliyyət yaranır. Bilməlisən ki, batareyan hansı vəziyyətdədir. Bəzən görürük ki, işlənmiş, köhnə batareyalar quraşdırılır, start düyməsi işləmir. Çox məsələlər var. Bunlar araşdırılıb açıqlanmalıdır. Açıqlanmırsa, sürücü özü araşdırıb izləməlidir”.


Mövzu ilə bağlı sığorta eksperti İlkin Nəcəfov da açıqlama verib. O bildirib ki, avtomobil park vəziyyətində yanıbsa və hərəkətdə deyilsə, icbari avtomobil sığortası bu halda işləmir:


“Nəqliyyat vasitəsi park vəziyyətindədirsə, hərəkətdə deyilsə bu zaman yanğın hadisəsi baş veribsə, icbari avtomobil sığortası üzrə ödəniş edilmir. Əgər nəqliyyat vasitəsinin kasko sığortası olarsa, kasko ona dəymiş ziyanı qarşılayır”.

 


O əlavə edib ki, yaxınlıqda duran başqa avtomobillərə və əmlaka dəymiş ziyan yalnız müəyyən hallarda ödənilir:


“Əgər avtomobil yanırsa və yanında duran maşın da yanırsa, məsələn 20 min manat ziyan dəyibsə, sahibinin kasko və könüllü məsuliyyət sığortası varsa, 5 min manatlıq icbari limitdən yuxarı olan hissəni könüllü sığorta qarşılayır. Bu səbəbdən sürücülər elektrik və hibrid avtomobillər üçün kasko və əlavə könüllü məsuliyyət sığorta etdirsələr yaxşı olar”.


Bəsti Rəfizadə
Sfera.az 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR