Kompüterlər bahalaşa bilər

Ölkəmizdə kompüterlərin qiyməti gələn il arta bilər.
Sfera.az-ın məlumatına görə, 2026-cı ilin əvvəlindən Rusiyada kompüter və elektronika qiymətlərinin ən azı 10 faiz artacağı gözlənilir.
Buna qlobal DRAM çiplərinin bahalaşması və süni intellekt (AI) texnologiyalarının yaratdığı böyük tələbat səbəb olub. “The Commercial Times və TrendForce”un məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən DRAM çiplərinin qiyməti 170 faizdən çox yüksəlib. Sentyabr ayında 32 GB DDR5 yaddaş dəsti 125 dollara satıldığı halda, noyabr ayında bu rəqəm artıq 250 dolları keçib. Samsung, SK Hynix və Micron kimi istehsalçılar müxtəlif kateqoriyalarda qiymətləri 50–60 faiz artırıblar.
Yaddaş bazarı 2023-cü ildəki həddən artıq istehsaldan fərqli olaraq, 2024-2025-ci illərdə ciddi çatışmazlıq mərhələsinə keçib. Bunun əsas səbəbi süni intellekt data mərkəzlərinin yüksək sürətli yaddaşa olan kəskin tələbatıdır. İstehsalçılar resurslarının 80 faizini server tipli DDR5 və HBM çiplərinə yönləndirib, bu isə kompüter və noutbuklarda istifadə olunan adi DDR4 və DDR5 yaddaşlarının istehsalını 20–30 faiz azaldıb. Nəticədə satış bazarında çatışmazlıq yaranıb və qiymətlər sürətlə artmağa başlayıb.
"Xiaomi" prezidenti Lu Weibing bildirib ki, yaddaş bazarındakı sürətli bahalaşma 2026-cı ildən etibarən smartfon, kompüter, noutbuk və digər cihazların qiymətinə ciddi təsir göstərəcək. Artıq bəzi modellərin – məsələn, Redmi K90 və Vivo X300-un qiymətləri artırılıb.
Azərbaycanla müqayisədə isə vəziyyət oxşardır. Ölkəmiz kompüter və komponentləri əsasən Çin, Cənubi Koreya, ABŞ və qismən Rusiya tranziti ilə idxal etdiyindən, qlobal bahalaşma birbaşa daxili bazara təsir göstərir. Son aylarda Azərbaycanda da RAM, SSD və qrafik kartlarında 8-12 faiz, bəzi yüksək səviyyəli modellərdə isə 20 faizdən çox qiymət artımı qeydə alınıb. Mövcud tendensiya davam edərsə, 2026-cı ildə Azərbaycanda kompüter və komponentlərin 5-15 faiz arası bahalaşması real görünür.
Analitiklərin fikrincə, qlobal yaddaş çatışmazlığı ən azı 2027-ci ilə qədər davam edəcək və bazar yalnız HBM4 istehsalı artdıqdan sonra sabitləşə bilər. Bu səbəbdən həm Rusiyada, həm də Azərbaycanda elektronika bazarının yaxın iki ildə bahalaşma təzyiqindən tam qurtulmayacağı gözlənilir.
Firuzə Əliyeva
Sfera.az






