Sosial evlər hansı ərazilərdə tikilməlidir? - Ekspert açıqladı

Milli Məclisdə Mingəçevir şəhərində sosial evlərin tikintisi təklif edilib. Dekabr ayında isə MİDA tərəfindən yeni satış mərhələsinin həyata keçiriləcəyi artıq məlumdur.
Bakıda sosial evlərin tikilməsi üçün hansı ərazilər daha uyğundur? Bu model hansı rayonlarda tətbiq oluna bilər və sosial evlər həmin bölgələrdə yaşam səviyyəsi ilə əhali axınına təsir göstərə bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, sosial layihələrin həyata keçirilməsi son dərəcə vacibdir, xüsusilə də əhali sıxlığının yüksək olduğu Bakı şəhərində:
“Təxminən 10 il əvvəl meditasiya dövründə yaşayış komplekslərinin salınması məsələsi gündəmə gələndə məlum olmuşdu ki, Bakı ətrafında dövlətin sərəncamında olan boş torpaq qalmayıb. Məhz buna görə əvvəlcə Qanlıgöl, daha sonra isə Hövsan layihələrinə start verildi. Yəni digər ərazilərdə uyğun sahələrin olmaması səbəbindən yeni tikililər məhz həmin iki rayonda reallaşdırıldı”.

Ekspert Mingəçevirdə də oxşar tipdə layihələrə ciddi ehtiyacın olduğunu qeyd edib:
“Çünki Gəncədən sonra ölkənin böyük şəhərlərindən biri olan Mingəçevirdə evlərin satış dəyəri, demək olar, Bakı ilə eyni xərcə başa gəlir. Hətta bəzi hallarda Mingəçevirdə mənzillərin qiyməti real bazar dəyərindən daha yüksək olur. Bakıda isə ümumi daşınmaz əmlak fonunda qiymətlər nisbətən aşağı görünür. Bu baxımdan regionlarda MİDA tipli layihələrin geniş şəkildə tətbiqi vətəndaşların tələbatına tam uyğun gəlmir”.
E.Azadov əlavə edib ki, region sakinləri ənənəvi olaraq şəhər kənarında kiçik torpaq sahəsi alır, imkan daxilində tədricən öz evlərini inşa edirlər:
“Beləcə, bir və ya iki otaqlı ev MİDA layihələrinə nisbətən iki-üç dəfə ucuz başa gəlir və sakinlər uzunmüddətli kredit öhdəliyi ilə üzləşmirlər. Bu səbəbdən hesab edirəm ki, Mingəçevirdə böyük deyil, daha kiçik həcmli yaşayış binalarının tikilməsi daha məqsədəuyğun olardı. Xüsusilə də bir və iki otaqlı mənzillərin üstünlük təşkil etdiyi layihələr daha real tələbatı qarşılayar”.
Fidan Hacızadə
Sfera.az






