Su, qaz və elektrik enerji şəbəkələri özəlləşdirilsin - TƏKLİF

Əmlak Məsələləri Dövlət Xidmətinin açıqladığı məlumata görə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 157,4 milyon manat vəsait ödənilib.
Bu məbləğin 118,8 milyon manatı özəlləşdirmədən, 38,6 milyon manatı isə dövlət əmlakının icarəsindən daxil olub.
Hazırkı vəziyyətdə dövlətin özəlləşdirməni genişləndirmək imkanı varmı? Hansı sahələrdə özəlləşdirmə genişləndirilə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli özəlləşdirmənin genişləndirilməsi imkanlarını ətraflı şərh edib. Onun sözlərinə görə, Azərbaycanda özəlləşdirmə üçün potensial kifayət qədər böyükdür və dövlətin idarəsində hələ də yüzlərlə iri aktiv mövcuddur:
“Dövlətin əlində kommunal xidmətlərdən tutmuş müxtəlif torpaq sahələrinə, iri müəssisələrə qədər yüzlərlə aktiv var. Bu aktivlərin bir çoxunun idarə olunması optimallaşdırılmayıb, yanaşma köhnədir və bunların səmərəli idarə olunmasının ən təsirli yollarından biri özəlləşdirmədir”.
Ekspert dövlətin əsas strateji sahələrdə nəzarəti saxlamaqla, digər xidmət yönümlü sahələrdə özəl sektorun iştirakını artırmalı olduğunu qeyd edib.
“Xüsusilə su, qaz və elektrik enerji təsərrüfatında paylayıcı şəbəkələrin özəlləşdirilməsi ən real addım kimi görünür. Burada söhbət istehsaldan yox, paylayıcı şirkətlərdən gedir. Paylayıcı şirkətlərin özəlləşdirilməsi nəticəsində vətəndaşla şirkət arasında birbaşa müqavilə öhdəlikləri yaranacaq. Bu gün dövlət qurumları ilə münasibətdə belə mexanizm yoxdur və vətəndaş narazılıq yaşayanda heç bir nəticə əldə etmir”.
İqtisadçının sözlərinə görə, hazırda kommunal xidmət şikayətlərində əsas problem cavabdehin olmamasıdır:
“Vətəndaşın qazı, işığı və ya suyu kəsiləndə heç bir kompensasiya, öhdəlik və məsuliyyət yoxdur. Özəl paylayıcı şirkətlərdə isə müqavilə əsasında konkret öhdəliklər olacaq və vətəndaş xidmət keyfiyyətinə görə tələb irəli sürə biləcək”.
Mütəxəssis bildirib ki, kommunal xidmət sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin əksəriyyəti datasiya ilə işləyir, yəni dövlət büdcəsindən əlavə vəsait alır. Bu isə büdcəyə uzunmüddətli yük yaradır:
“Bu sahələrə ildə milyonlarla manat subsidiya ayrılır. Paylayıcı şirkətlərin özəlləşdirilməsi bu yükün bir hissəsini aradan qaldıra bilər. Çünki özəl şirkət səmərəliliyi artırmağa, itkiləri azaltmağa və xidmətlərin keyfiyyətini yüksəltməyə daha çox maraqlı olur”.
İqtisadçıya görə, bu istiqamətlərdə özəlləşdirmə həyata keçirilsə, həm əlavə investisiya cəlb edilər, həm də dövlət mülkiyyətində qalan aktivlərin idarəolunması yüngülləşər.
Bəsti Rəfizadə
Sfera.az






