Azərbaycanın Ukraynaya qaz ixracı iqtisadiyyata töhfə verəcək - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Azərbaycandan təbii qaz alınması istiqamətində fəal iş aparır. Onun sözlərinə görə, hazırda qış mövsümü üçün tədarük imkanları genişləndirilir.
“Xüsusilə polşalı tərəfdaşlarımız vasitəsilə Azərbaycanla fəal əməkdaşlıq edirik. Uzunmüddətli müqavilələrə ümid edirik”,-deyə Zelenski qeyd edib.
Bu, Azərbaycan iqtisadiyyatına hansı şəkildə töhfə verəcək? Yeni tranzit yolları yarana bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Akif Nəsirli Zelenskinin Ukraynanın Azərbaycandan qaz almaq üçün fəal iş apardığını bildirməsinin Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli bir prosesə işarə etdiyini deyib. Onun sözlərinə görə, Ukrayna Azərbaycan üçün yeni alıcı ölkə deməkdir:
“Qaz ixracı genişləndikcə SOCAR-ın gəlirləri artır. Əgər uzunmüddətli müqavilələr imzalansa, bu, Azərbaycan üçün sabit və davamlı ixrac gəliri anlamına gələcək. İndiyə qədər Azərbaycan qazının əsas istiqamətlərindən biri Avropa idi. Kiyevin də daxil olması Bakının enerji xəritəsini daha da genişləndirir. Bu isə ölkənin enerji siyasətində gücünü artırır. Azərbaycan qazı Ukraynaya çatmaq üçün Polşa, Rumıniya, Bolqarıstan kimi ölkələrin üzərindən keçən Trans-Balkan marşrutu ilə ötürülə bilər. Bu marşrutdan istifadə SOCAR üçün əlavə gəlir imkanları yaradır. Bakı daha vacib enerji oyunçusuna çevrilir. Ukrayna kimi böyük bir ölkə ilə enerji əməkdaşlığı Bakının beynəlxalq nüfuzuna müsbət təsir edir və Avropa ölkələri ilə dialoqu genişləndirir”.
İqtisadçı Trans-Balkan marşrutunun aktivləşdiyini, artıq test tədarükləri üçün istifadə olunduğunu qeyd edib:
“Əgər həcmlər artırılsa, bu marşrut Azərbaycan qazı üçün yeni sabit tranzit yoluna çevrilə bilər. Polşa Ukraynaya qaz ötürmə sistemini genişləndirir. Bu, Azərbaycanın Polşa üzərindən Ukraynaya çatdırılma imkanlarını gücləndirə bilər. Azərbaycan Avropaya qaz ixracını genişləndirdikcə, yeni boru xətti layihələri və əlavə əlaqə xətləri gündəmə gələ bilər. Bu həm enerji təhlükəsizliyi, həm də iqtisadi baxımdan üstünlükdür. Yəni Ukrayna ilə qaz əməkdaşlığı Azərbaycan üçün yeni gəlir mənbəyi, SOCAR üçün yeni bazar, regionda isə yeni tranzit yollarının formalaşması deməkdir. Bu həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan üçün əhəmiyyətli bir genişlənmə imkanı yaradır”.
Qeyd edək ki, Ukraynanın aparıcı qaz mənbələri hazırda Avropa ölkələridir. Qaz tədarükü xüsusilə Slovakiya, Polşa və Macarıstanın qaz şəbəkələri üzərindən tərs axın mexanizmi ilə həyata keçirilir. Bu sxem Ukraynanın tədarükü diversifikasiya etməsinə və Rusiyadan asılılığı azaltmasına imkan yaradıb. Ukrayna həmçinin öz daxili qaz hasilatından da istifadə edir. Müharibə nəticəsində sənaye istehlakının azalması daxili hasilatın payını artırıb, ölkə müəyyən hissəni öz resursları hesabına ödəyə bilir.
Son illərdə Ukrayna LNG bazarına da çıxıb. ABŞ-dən gətirilən mayeləşdirilmiş qaz Yunanıstan kimi ölkələrdəki LNG terminalları vasitəsilə Ukrayna sisteminə ötürülür. Bu, ölkənin enerji təhlükəsizliyini gücləndirən daha bir diversifikasiya istiqaməti hesab olunur. 2025-ci ilin yanvarında Rusiya qazının Ukrayna üzərindən tranziti tam dayanıb. Bununla yanaşı, Ukraynanın Avropa ilə enerji inteqrasiyası sürətlənir və ölkə yeni tədarük marşrutları üzərində işləyir.
Fidan Hacızadə
Sfera.az






