Avropada qaz bahalaşacaq? - "Rus qazını əvəzləmək olmur"

Qış mövsümünün yaxınlaşması ilə Avropada təbii qaza olan tələbin artacağı gözlənilir. Bununla əlaqədar olaraq hər il olduğu kimi, bu qışda da enerji bazarında qiymətlərin dəyişməsi gözlənilir.
Avropada qiymət artımına təsir edən əsas amillərdən biri kimi Rusiyadan qaz idxalının məhdudlaşdırılması göstərilir.
Bəs bu qış necə olacaq? Avropada qazın bahalaşması gözlənilirmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qış mövsümündə əvvəlki illərdə olduğu kimi, Avropada qazın qiymətinin yüksəlməsi gözlənilir.

Onun sözlərinə görə, Rusiyadan Avropaya qaz tədarükü azalıb:
“2023-cü ilə qədər, Rusiyanın Ukraynaya hücumuna qədər, Rusiya Avropaya 200 milyard kubmetrdən çox, bəzi hallarda az, qaz tədarük edirdi. Bu il Rusiyanın Avropaya cəmi 30-36 milyard kubmetr qaz tədarük edəcəyi proqnozlaşdırılır. Gələn il bu qaz tədarükü bir qədər də azalacaq. Avropa ölkələrindən ikisi, Macarıstan və Slovakiya hələ də, Rusiyadan qaz asıllığını azalda bilmir”.
Ekspert qeyd etdi ki, Amerikadan maye qaz idxalı artır, Yaxın Şərq ölkələrindən qaz idxalı çoxalır. Onun sözlərinə görə, buna baxmayaraq Avropanın qaza olan tələbatını ödəməkdə çətinlik olur:
“Qətərdən Avropaya maye qaz ixracı 2 dəfədən çox artıb. Azərbaycan da Avropaya qaz ixracını artırıb. Buna baxmayaraq hələ də Rusiya qazından asılılıq var və bu ölkədən asılılığı sıfıra endirmək mümkün deyil. Ona görə də, Avropada da bu tələbat tam ödənilməyəcək. Bu da, dünya bazarında qazın qiymətinin bahalaşmasına səbəb olacaqdır”.
Bəs Avropada qaz qiymətlərindəki dəyişikliyin Azərbyanın gəlirlərinə təsiri necə olacaq?
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov Sfera.az-a açıqlamasında bildirdi ki, qaz bazarında qiymətlərdə dalğalanma müşahidə olunsa da, bu dəyişikliklər kəskin xarakter daşımır.
Onun sözlərinə görə, hazırda neft bazarında daha böyük dalğalanmalar qeydə alınır:
“Azərbaycan üçün mavi qazın qiyməti önəmlidir. Çünki nəticə etibarilə mavi qazın qiymətinin yüksək olması, ölkəyə daxil olan valyuta həcminin artmasına gətirib çıxarır. Avropa bazarında qiymətlərin formalaşmasına birbaşa idxal mənbələri və eyni zamanda Avropanın cəlb etdiyi qazın həcmi təsir göstərir. Adətən qış aylarında mavi qaza tələbat artır. Bu, xüsusilə ev təsərrüfatlarında qaz istehlakının çoxalması ilə bağlıdır”.

Ekspert əlavə edib ki, Azərbaycan təbii qazını əsasən Avropa bazarına ixrac etdiyindən, ölkə üçün həmin bazardakı qiymətlər əsas göstəricidir:
“Avropa bazarında qazın qiymətinin yüksək olması, Azərbaycanın mavi qaz ixracından əldə etdiyi gəlirlərin artmasına səbəb olur. Buna görə də, Avropada qazın istehlak səviyyəsi və Birliyin cəlb etdiyi qazın həcmi qiymətlərin müəyyənləşməsində həlledici rol oynayacaq”.
Niyaz Hacıyev
Sfera.az






